Gəncə terrorunda valideynlərini itirən Sevil tələbə adını qazandı

 Gəncə terrorunda valideynlərini itirən Sevil tələbə adını qazandı
  01 Oktyabr 2021    Oxunub:4334
Bu il tələbə adını qazananlar arasında Vətən müharibəsi dövründə Ermənistanın Gəncə şəhərini bombalaması nəticəsində hər iki valideynini itirən Sevil Əliyeva da var. O, Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub. Ötən gün universitetin rektoru İbrahim Cəfərov yüksək bal toplamış tələbələrlə, o cümlədən Sevil Əliyeva ilə görüşüb, ona tələbə biletini təqdim edib və planşetlə mükafatlandırıb. Eyni zamanda rektorun təşəbbüsü və universitetin Elmi Şurasının qərarı ilə büdcədənkənar vəsait hesabına Sevilə hər ay 150 manat təqaüd veriləcək.
Azvision.az gənc tələbəni və onun qardaşını himayəsinə götürən nənəsi Ağgül Əliyeva ilə söhbətləşib. Ağgül xanım qızının övladlarının məktəb və tələbə həyatından söz açıb. O bildirib ki, Sevil valideyinlərinin vəsiyyətinə əməl edərək Bakıda deyil, Gəncədə təhsil almağı üstün tutub.

“Sevilin valideyinləri onun Gəncədə təhsil almasını istəyirdilər. Biz nəvəmə Bakıda təhsil almasını təklif edəndə o bizə bildirdi ki, ana və atasının istəyini yerinə yetirərək Gəncədə qalacaq. Nəvəm tələbə sevincini heç kəslə bölüşə bilmədi. Dedi, valideyinlərim yanımda yoxdur, sevincim yarımçıqdır. Çox çətindir. (ağlayır)

Onu dünən universitetə mən yola saldım. Dərsdən evə gələnə kimi qohumlarımızla yığışıb ona sürpriz hazırladıq. Nəvəm qapıdan girəndə onu tort və üzərində şamla qarşıladıq. Bu Sevili çox sevindirdi, ürəyi şadlandı. Belə bir sürprizi gözləmirdi”.



Sevil və səkkiz yaşlı qardaşı Hüseynin qayğısına anasının valideyinləri qalır. Onlar Gəncədə dövlətin bağışladığı iki otaqlı mənzildə yaşayırlar.

“Dövlətimizin bağışladığı birinci evdə atasının valideyinləri olur. Uşaqlar isə bizimlə birgə ikinci dəfə verilən evdə yaşayırlar. Nənə, baba, xala onları tək qoymur. Ata tərəfin qohumları isə 7-i mərasimindən sonra yaxın durmayıblar. Uşaqlar dərs günləri şəhərdə, tətillərdə isə kənddə olacaqlar”, - deyə A. Əliyeva bildirib.

Xatırladaq ki, ötən il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində 16 yaşlı Sevil və 8 yaşlı qardaşı Hüseyn hər iki valideynini itirib.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gəncəterroru  





Xəbər lenti