Azərbaycanda yaşlı insanlar işlə təmin ediləcək

 Azərbaycanda yaşlı insanlar işlə təmin ediləcək
  01 Oktyabr 2021    Oxunub:792
"Azərbaycanda yaşlı əhalinin iqtisadi aktivlik indeksi ilə bağlı metodologiya hazırlanıb, hökümətə təqdim olunub".
Azvision.az xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev deyib. O bildirib ki, aktivlik indeksi əhalinin yaşlı təbəqəsinin hansı formada və aktivliyini necə olmasını nümayiş etdirir:

"Məqsəd yaşlı şəxslərin evdə oturmaq, nəvələri ilə vaxt keçirmək, heç nə etməmək kimi stereotiplərini qırmaqdır. Bizə yaşlıların aktivlik indeksi lazımdır ki, onların hansı istiqamətdə işlər görməsinin mümkünlüyünə baxaq və müqayisə edək. Məsələn, 2021-ci ildə bu indeks 5, 2025-ci ildə 7 olacaqsa, deməli,hansısa irəliləyiş var. 2021-ci il üçün olmasa da, 2022-ci ildə Dövlət Statistika Komitəsinin bu indeksi təqdim edəcəyi gözlənilir".

F.Babayev qeyd edib ki, region ölkələri ilə müqayisədə Azərbaycan yaşlı əhali sayına görə orta səviyyədədir:

"Amma regionun başqa problemi cavan təbəqənin çox olmasıdır. Azərbaycanda 10 milyon əhalinin 35 faizi cavandır. Ermənistanda isə 2,5 milyon əhalinin 20 faizi cavandır. Ümumi strukturda Azərbaycanda yaşlıların sayı azdır. Amma cavanların iqtisadi aktivliyi azdırsa, yaşlı şəxslərin əhali arasında sayı artacaq. Ermənistanda biz bunu müşahidə edirik, cavan əhali arasında iqtisadi aktivlik azdır və yaşlı əhali çoxdur.

Yaşlı əhali arasında iqtisadi aktivliyi artırmaq bizim planlarımıza daxildir. Dövlət 65 yaşdan yuxarı şəxslərin pensiya çıxmasını müəyyən edir və onlara işlə bağlı bir sıra məhdudiyyətlər var. Biz istərdik ki, həmin yaşlı şəxslər üçün hansısa imkanlar yaradılsın və onlar ekspert, konsultant kimi iqtisadiyyata dəstək versin. Beləliklə, yaşlı şəxslər istehlakçıdan çıxıb iqtisadiyyata töhfə verəcəklər və passiv yaşlı əhalinin sayı azalacaq".

Aytən Zəhra

Azvision.az



Teqlər: Yaşlıinsanlar  





Xəbər lenti