Azərbaycanda əhali bu kateqoriyalar üzrə təhlil olunacaq

 Azərbaycanda əhali bu kateqoriyalar üzrə təhlil olunacaq
  01 Oktyabr 2021    Oxunub:779
"Azərbaycanın əhali proqnozları təhlil olunaraq Nazirlər Kabinetinə təqdim olunacaq".
Azvision.az xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib. Onun sözlərinə görə, BMT-nin Əhali Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Çexiyanın Charles Universitetinin professorları, ekspertləri əhali proqnozları proqramını həyata keçirir:

"Bu proqram 2050-ci ilə qədər Azərbaycanda 3 əhali təbəqəsi üzrə (cavanlar, iqtisadi aktiv insanlar, yaşlılar) hansı proqnozların gözlənilməsi ilə bağlıdır. Proqnozlara struktur, əhali sayı, genderlə bağlı - yəni qadınların, kişilərin sayı, respublika üzrə hansı regionda nə qədər əhali olacağı və s. məsələlər daxildir. Bu çox önəmli məqamdır. Çünki biz indi 2030, 2035, 2040, 2050-ci ilə qədər hansı regionda neçə məktəbin, neçə xəstəxananın, doğum evinin lazım olacağını, pensiyaya nə qədər pul xərclənməli olduğunu, körpələrin doğumuna görə nə qədər pul verilməli olduğunu bilmirik.

Bu, bir qədər pərakəndə aparılırdı. Məsələn, beynəlxalq təşkilatlar, hökumət strukturları dəstək göstərir və hansısa regionda məktəb, xəstəxana tikilir. Amma bütün bunlar planlaşdırılmış şəkildə aparılsa, daha yaxşı olar. Tutaq ki, Kürdəmir rayonunda uşaqların və cavanların sayı artacaq, Ucarda isə o qədər artım olmayacaq. Bu proqnoz olsa, biz məktəbi, xəstəxananı Ucarda deyil, Kürdəmirdə tikərik və ya yaşlı əhali sayı artsa, pensiya köçürmələri artmalıdır, Maliyyə Nazirliyi müvafiq göstəriş verməlidir".

F. Babayev deyib ki, proqnozlara görə, 2050-ci ilə qədər həm cavanların, həm də yaşlıların, yəni istehlakçıların sayı artacaq, iqtisadi fəal təbəqənin üzərinə böyük yük düşəcək.

"Ona görə də yeni iş yerləri yaradılmalı, işsizlik səviyyəsi azaldılmalıdır. Bununla bağlı Charles Universiteti ilkin proqnozları bizə təqdim edib, biz isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmişik. Bunu təhlil etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə İşçi Qrupu yaradılıb. Təhlil nəticəsində milli transferlər hazırlamalıyıq. Bu, yaradılandan sonra Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim ediləcək. Maliyyə Nazirliyi planlaşdırmalıdır ki, 2023-cü ildən 2028-ci ilə qədər bizi nələr gözləyir. Bu, nəhəng bir prosesdir. Əminik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hesabatı həm digər nazirliklərə, həm də ictimaiyyətə çatdıracaq. Düşünürəm ki, ilin sonuna qədər təhlil aparılacaq, gələn ilin ilk 3-4 ayında Nazirlər Kabinetinə təqdim olunacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti