İş dəftərləri niyə tapılmır?

 İş dəftərləri niyə tapılmır?
  01 Oktyabr 2021    Oxunub:1409
Təhsil İnsitutu tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün "Azərbaycan dili" və "Riyaziyyat" dərslik komplektləri hazırlanıb. Dərslik komplektinin tərkibinə dərslik, iş dəftəri və müəllim üçün vəsait daxildir.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, iş dəftərləri ARTİ tərəfindən “Azərpoçt” MMC-nin məntəqələrində kütləvi satışa verilib: "Valideyn və müəllimlər üçün iş dəftərlərinin əlçatanlığını təmin etmək və vəsaitlərin saxta variantlarının satışının qarşısını almaq məqsədilə satış prosesi “Azərpoçt” MMC vasitəsilə həyata keçirilir. Bu proses ARTİ tərəfindən gündəlik monitorinq olunur. İş dəftərlərinin satışında yaranan çətinliyi aradan qaldırmaq məqsədilə ehtiyac olan satış məntəqələrinə digər məntəqələrdən iş dəftərlərinin daşınması prosesi həyata keçirilir. Son statistik məlumatlara əsasən, I sinif üçün nəzərdə tutulan iş dəftərlərinin 5000 ədədinin 1 oktyabr və əlavə 5000 ədədinin 2 oktyabr tarixinə qədər (cəmi 10000 nüsxə olmaqla) Bakı şəhəri üzrə bütün satış məntəqələrinə çatdırılması planlaşdırılıb. Növbəti həftə ərzində də ehtiyac yaranan bütün məntəqələr üzrə əlavə iş dəftərlərinin təmin olunması nəzərdə tutulub.

İş dəftərlərinin paylanması bütün satış məntəqələrinə yaxın yerləşən məktəblərin şagird sayına əsasən hesablanıb. İş dəftərlərinin tapılmasında yaranan çətinliyin əsas səbəbi alıcıların daha çox əsas mərkəzi məntəqələrə üz tutmasıdır. İş dəftərlərinin satışı “Azərpoçt” MMC-nin Bakı şəhəri üzrə 131 məntəqəsində və bölgələrdə olan bütün məntəqələrdə həyata keçirilir".

Azvision.az



Teqlər:





Xəbər lenti