İKT məhsullarını ÜDM-də payını artırmaq əsas hədəflərdəndir

İKT məhsullarını ÜDM-də payını artırmaq əsas hədəflərdəndir
  02 Oktyabr 2021    Oxunub:703
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən elan edilən təqaüd proqramını qazanan şagird və tələbələrlə görüş keçirilib.
Azvision.az xəbər verir ki, layihə çərçivəsində keçirilən tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Fərid Əhmədov, “Microsoft Azərbaycan” şirkətinin meneceri Qaçay Mirzəyev, ölkəmizdə fəaliyyət göstərən digər texnoloji şirkətlərin, eləcə də “Whelp” və “Sumaks”ın təmsilçiləri, şagirdlər, tələbələr və onların valideynləri iştirak ediblər.

Valideyn və tələbələri təbrik edən Fərid Əhmədov təqaüd proqramı haqqında ətraflı məlumat verib. O, bildirib ki, ölkədə rəqəmsal transformasiyanın təşkili və həyata keçirilməsi, innovasiya ekosisteminin formalaşdırılması NRYTN-ın qarşısında qoyulmuş əsas vəzifələrdəndir: "Həmçinin yaxın dövrdə Azərbaycanı texnoloji xidmət mərkəzinə çevirmək və ölkədən ixrac edilən İKT məhsullarının ÜDM-də payını artırmaq nazirliyin əsas hədəfləri sırasına daxildir".

Nazir müşaviri vurğulayıb ki, qarşıda qoyulan vəzifələrin icrası yüksək ixtisaslı kadrların bu işə cəlb olunmasını tələb edir. “Rəqəmsal transformasiya ilə əlaqədar əmək bazarı üçün yeni səriştə və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsi zərurətə çevrilib. Təqaüd proqramının bu prosesə ciddi təkan verəcəyinə ümid edirik. Elan olunduğu ilk ayda təqaüd proqramına 5 000-dən yuxarı müraciət qeydə alınıb”, – deyən Fərid Əhmədov qeyd edib ki, layihənin birinci buraxılışı üzrə 500 nəfərə yaxın məzun olacağı gözlənilir.

“Microsoft Azərbaycan” şirkətinin meneceri Qaçay Mirzəyev isə son zamanlar ölkəmizdə innovasiya yönümlü, rəqəmsal transformasiyanı təşviq edən təşəbbüslərin özəl sektor tərəfindən təqdir olunduğunu deyib. O qeyd edib ki, ölkədə innovativ düşüncəli, yüksək peşəkarlıq qabiliyyətinə sahib kadrların yetişməsi bilavastə özəl sektorun da inkişafına zəmin yaradacaq.

Layihənın tərəfdaşlarından olan “Whelp”in təmsilçisi Cəmil Ağası çıxışında proqram çərçivəsində təşkil olunacaq tədris istiqamətlərindən danışıb. O, bildirib ki, proqram çərçivəsində informasiya texnologiyalarının müvafiq istiqamətləri (bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UI/UX” dizayn və s.) üzrə bilik və bacarıqlar qazanmaq mümkün olacaq.

Daha sonra şagird və tələbələr, eləcə də onların valideyinləri üçün təqaüd proqramı haqqında təqdimat keçirilib.

Məlumat üçün bildirək ki, artıq “Code and More”da Avtomatika, Elektronika, Uşaq eloktronikası və Bulud inzibatçılığı üzrə dərslərə start verilib. “Code Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi, “Tech Academy” və “İKT LAB”da isə proqram üzrə tələbə qəbulu davam edir.

Qeyd edək ki, layihə çərçivəsində İT üzrə sahəvi biliklərlə yanaşı texnoloji sahibkarlıq üçün zəruri olan, sahibkarlıq bacarıqlarının formalaşmasına töhfə verən inkubasiya və akselerasiya proqramları da təşkil ediləcək. Bu proqramların dövlət-özəl tərəfdaşlığı çərçivəsində, universitetlər və startapların cəlb edilməsi ilə həyata keçirilməsi lahiyənin özəlliklərindəndir.

Azvision.az



Teqlər:





Xəbər lenti