Opera və Balet Teatrında "Qıpçaq rəqsləri" olacaq

Opera və Balet Teatrında "Qıpçaq rəqsləri" olacaq
  02 Oktyabr 2021    Oxunub:2425
Pandemiya ilə əlaqədar uzun fasilədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı fəaliyyətini bərpa edib. Sentyabrda Teatrda Üz.Hacıbəyli XIII Beynəlxalq musiqi festivalı çərçivəsində Üz.Hacıbəylinin "Leyli və Məcnun" və C.Verdinin "Traviata" operalarının tamaşaları böyük uğurla baş tutub.
Oktyabrın 9-da isə görkəmli rus bəstəkarı Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletinin premyerası keçiriləcək. "Qıpçaq rəqsləri" ilə yanaşı həmin axşam daha bir tamaşa - N.Rimski-Korsakovun "Şəhrizad" baleti də nümayiş olunacaq.

Bəstəkar A.P.Borodin "Knyaz İqor" operasının bir hissəsi olan "Qıpçaq rəqsləri"ni 1875-ci ilin yayında Moskvada qələmə alıb. Bütünlükdə bəstəkar bu opera üzərində 18 il işləyib, lakin tam olaraq yazıb başa çatdırmayıb. Borodinin ölümündən sonra onun musiqi materialları əsasında A.Qlazunov operanı tamamlayıb, N.Rimski-Korsakov isə klavirin böyük bir hissəsini orkestr üçün işləyib.

Operanın premyerası 23 oktyabr 1890-cı ildə Sankt-Peterburqun Mariinski teatrında baş tutub, xoreoqraf L.İvanovun quruluş verdiyi "Qıpçaq rəqsləri" tamaşaçılarda dərin təəssürat oyadıb. Sonradan "Qıpçaq rəqsləri" müstəqil balet tamaşası kimi bir çox teatrlarda səhnəyə qoyulub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşunda "Qıpçaq rəqsləri" baleti rəngarəng dekorasiyaları və zəngin kostyumları ilə diqqəti cəlb edir. Tamaşanın quruluşçu baletmeysteri Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədovdur (M.Fokinin xoreoqrafiyası əsasında). Musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssam Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.

Tamaşada əsas partiyaları Əməkdar artist Nigar İbrahimova, Xalq artisti Gülağası Mirzəyev, truppanın gənc solistləri Fatimə Xələfova, Zəhra Tanrıverdiyeva və Seymur Qədiyev ifa edəcəklər.



Teqlər: Balet  





Xəbər lenti