Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlər müzakirə edilib

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlər müzakirə edilib
  03 Oktyabr 2021    Oxunub:614
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) və UNEC Tədqiqat Fondunun təmsilçilərindən ibarət nümayəndə heyətinin Özbəkistana səfəri davam edir.
BAMF-ın mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Özbəkistan paytaxtında keçirilən görüşlər zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılır. İki türkdilli dövlət arasında elmi, akademik, mədəni, mətbuat və informasiya, humanitar, vətəndaş cəmiyyəti qurumları səviyyəsində əməkdaşlıq imkanları nəzərdən keçirilir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva oktyabrın 30-da bu məqsədlə Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetini ziyarət edərək bu ali təhsil ocağının rektoru Şerzodxan Kudratxoca ilə görüş keçiriblər. Görüş zamanı tərəflər arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, birgə təlimlərin, treninqlərin keçirilməsi müzakirə olunub. Qeyd edilib ki, qarşılıqlı əməkdaşlıq zamanı həm Azərbaycan, həm də Özbəkistan tərəfi bir-birinin təcrübəsindən geniş şəkildə istifadə edə bilər.



Müzakirələr zamanı iki ölkə arasında mətbuat sahəsində əməkdaşlığın, təcrübə mübadiləsinin zərurəti vurğulanıb. Medianın müasir dövrdəki rolu, aktual problemləri xüsusi olaraq qeyd olunub.

Sonra Azərbaycan nümayəndə heyətinin üzvləri universitetdə yaradılmış şəraitlə tanış olub, auditoriyaları gəziblər.

Görüşdə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev iştirak edib. H.Quliyev ümumi işbirliyinin məhsuldar nəticələnəcəyinə ümidvar olduğunu bildirib və bununla bağlı tövsiyələrini verib.



Azvision.az


Teqlər:





Xəbər lenti