Yalan xronikası: Müharibənin 7-ci günü ermənilər nə deyirdilər

 Yalan xronikası:  Müharibənin 7-ci günü ermənilər nə deyirdilər
  03 Oktyabr 2021    Oxunub:3197
Bu günlərdə Azərbaycan mediası kimi, Ermənistan KİV-i də 44 günlük müharibənin xronikasını araşdırıb, yenidən təqdim etməklə məşğuldur. Əgər biz həmin tarixin hər gününü qürurla, şərəflə anırıqsa, ermənilər əksinə, necə axmaq yerinə qoyulduqlarını xatırlayır və sual edirlər: Bunun hesabını kim verəcək?!
Məsələn, “news.am” saytının dərc etdiyi xronika Ermənistan rəhbərliyinin öz xalqını və beynəlxalq ictimaiyyəti açıq-aşkar aldatığını ifşa edir. Çünki həmin günlərdə Ermənistan hökumətinin dediklərindən belə çıxırdı ki, əks-hücuma keçərək “düşmən”in onurğa sütununu sındırırlar, bu gedişlə tezliklə Azərbaycanı diz çökdürəcəklər.
Gəlin, xatırlayaq ki, oktyabrın 3-də - müharibənin altıncı günü Erməni tərəfi nələr deyirdi...

Səhər Ermənistan Müdafiə nazirliyinin təmsilçisi Artsrun Ovannisyan "düşmənin böyük itkiləri" barədə məlumat verib: “Kəşfiyyat məlumatlarına görə Azərbaycan tərəfindən ölənlərin sayı 3 mini keçib. Onların çoxunun cəsədi neytral zonadadır və oradan çıxarılması üçün heç bir addım atılmır”.

Fransa prezidenti Emmanuel Makron müharibənin dayandırılması üçün səylərini gücləndirməkdə davam edir. O, İrəvan və Bakıya Minsk qrupu formatında Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların yeni metoduni təklif edib. Makron Ermənistanın baş naziri və Azərbaycanın prezidenti ilə telefon danışıqlarında Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdiyini bildirib.
Amma Fransa prezidenti vurğuladığı yeni metodun detallarını açıqlamayıb. Bütün müharibə ərzində onun “fəallığı”nın hansı səpkidə aparıldığını nəzərə alasq, Makronun Azərbaycanın azad etdiyi ərazilərdən geri çəkilməsi təklifini verdiyi şübhə doğurmur.

Qondarma “Artsax”ın qondarma “prezidenti" Araik Arutyunyan döyüşmək üçün ön cəbhəyə yollandığını açıqlayıb:
- Xüsusi təyinatlı hissə ilə öz döyüşümü aparmaq üçün ön cəbhəyə gedirəm. Çünki ön cəbhədə daha qiymətli olacağam, nəinki arxada. Bu bizim mütləq qalib gələcəyimiz sonuncu döyüşdür. Mən QƏLƏBƏYƏ qədər sizinləyəm,- Arutyunyan yazıb.
Ön cəbhəyə yollanışı onun üçün pis nəticələndi. Çox qəribə tərzdə yaralanan Arutyunyan yəqin sonra başa düşdü ki, qalibiyyəti lovğa-lovğa danışmaq şərtləndirmir. Bunun üçün hələ əsl döyüşçü keyfiyyəti də tələb olunur. Araikin bu “qəhrəman”lığının arxasında onun fəallığından narazı olan Ermənistan hakimiyyətinin, habelə Arutyunyanın dividend qazanmaq üçün özünün “yaralanma” oyunu qurduğunun dayandığı istisna deyil.

Ermənistan Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində Qarabağın şimal və cənub sərhədləri istiqamətində ağır döyüşlər getdiyini yazıb. “Bu istiqamətlərdə böyük qüvvələr toplayan düşmən hücuma keçib. Düşmənə böyük itkilər yetriən erməni hissələri onun irəliləmək cəhdlərinin qarşısını alır. 08:46 radələrində “Artsax” müdafiə ordusu Azərbaycanın daha 2 təyyarəsini vurub”,-Stepanyan bildirib.

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Fransa prezidentinin Türkiyə ərazisindən keçməklə Suriyanın Hələb vilayətindəki İŞİD-lə bağlı olan terrorçu təşkilatının muzdlularının Dağlıq Qarabağa göndərilməsi barədə dediklərinə münasibət bildirb.
- Mən ümid edirəm ki, bu məlumatlar səhv olacaq. Siz gərək Türkiyə prezidenti Ərdoğandan soruşasınız,- Pompeo vurğulayıb.

Londonda yuva salmış “Suriyada insan haqları Rəsədxanası” Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağdakı toqquşmada guya ən azı 28 türkyönümlü suriyalı muzdlunun öldüyünü xəbər verib. “Rəsədxananın” məlumatına görə, onlar azərbaycanlılar tərəfində vuruşmaq üçün Türkiyənin ötən həftə bölgəyə göndərdiyi 850 muzdluların sıralarında olublar.
Sözügedən “Rəsədxana”nın 5-6 il bundan əvvəl Suriya hökumətinin guya insanları müxtəlif qazlarla “zəhərləməsi”ni nümyaiş etdirən feyk-videomaterialları onun açıqlamalarının hansı “həqiqətə” xidmət göstərdiyinin əyani təsdiqidir.

“France 24” telekanalına müsahibədə baş nazir Nikol Paşinyan qeyd edib ki, yalnız "terrorçular və öz məqsədlərini güdən Türkiyə bölgəni tərk etdikdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə ciddi danışıqlar aparmaq mümkündür".

Ermənistanın Ombudsmanı öz “Facebook” səhifəsində "Çox təcili. Azəerbaycan uzaq mənzilli raketlərdən istifadə edib. Məqsədyönlü şəkildə humanitar və ekoloji infrastrukturlara maksimum zərər vurmağa çalışaraq, mülki mərkəzlərin məhv olunması taktikasını gücləndirir",- statusunu yazıb.

Müharibənin ilk həftəsində müxtəlif beynəlxalq forumlarda iştirakla məşğul olan Ermənistan prezidenti Armen Sarkisyan Hindistanın “WION” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan “Artsax”ı "min illiklər boyu orada yaşamış ermənilərdən təmizləmək istəyir".
-Bu otaqda “Böyük fil” sülh istəməyən Türkiyədir. Türkiyənin müdaxiləsindən sonra Dağlıq Qarabağ ikinci dərəcəli olub. Türkiyə öz şəxsi maraqları naminə bu məsələ ilə məşğuldur, onu Dağlıq Qarabağın taleyi maraqlandırmır. Türkiyə orada öz iştirakını təmin etmək, regionda vacib güc olmaq və Azərbaycana həqiqətən də böyük təsir göstərmək istəyir. Ən böyük probelm Türkiyədir”,- Ermənistan prezidenti əlavə edib.

Baş nazir Nikol Paşinayanın arvadı Anna Akopyan “Facebook” səhifəsində özünün “Stepanakert”dəki şəklini paylaşaraq “Mən Stepanakertdəyəm və burada olacağam. Biz qalib gələcəyik” yazıb.
Belə yerdə deyiblər ki, sən saydığını say, gör Azərbaycan Ordusu nə sayır.

Nikol Paşiyan “Facebook”da “AlJazeera” kanalına verdiyi müsahibədən bir hissə yerləşdirib.
- Xarici təcavüz şəraitində bizim bir nömrəli vəzifəmiz əhalini hücumdan qorumaqdır. Yalnız bundan sonra danışıqlar barədə söhbət etmək olar. Hazırkı genişmiqyaslı təcavüz şəraitində deyə bilərəm ki, "Qarabağ xalqı" geri çəkilməyəcək,- Paşinyan bildirib.

Ermənistanın Müdafiə nazirliyinin təmsilçisi Artsrun Ovannisyan sosial şəbəkədə daha bir emosional və ruhlandırıcı post paylaşıb. "Düşmənə güclü zərbə endirilib. Düşmənin böyük qruplaşmasına hücum olunub, onlarla zirehli texnikası məhv edilib. Artilleriyaçılar, mən sizə görə həyatımı verərəm",- Artsurun yazıb.
Nooldu, Artsurun? Bəs verirdin? Nə oldu, niyə vermədin?!

Nikol Paşinyan müharibə başladıqdan sonra ilk videomüraciətində mübarizənin sonunu yalnız qələbədə gördüyünü deyib: “Artsax” ordusunun bir mövqeyinə təxminən 150-200 düşmən əsgəri hücum edir və bu hücumlar gün ərzində bir neçə dəfə təkrarlanır. Bizim hərbçilərin məlumatına görə, bu hücumlarda azərbaycan hərbçilərindən başqa suriyalı muzdlular, terrorçular, türk ordusunun xüsusi dəstələri iştirak edirlər. Artıq bir həftədir ki, “Artsax”da və Ermənistanda xalq mislisiz miqyasa malik azərbaycan-türk terrorçu hücumuna müqavimət göstərir. İndiki vəziyyətdə çoxsaylı insan – hərbi və mülki- itkisinə məruz qalmışıq. Böyük sayda hərbi texnika sıradan çıxıb, amma düşmən bir dənə də olsa strateji vəzifəni həyata keçirə bilməyib. Bizim əsgərlərin, zabitlərin, generalların və könüllülərin əzmi və qəhrəmanlığı sayəsində döyüş meydanında düşmənin məhv edilmiş yüzlərlə zirehli texnikası və PUA-ları, onlarla təyyarəsi və helikopteri qalıb. Canlı qüvvə itkisi isə bir neçə mini keçib. Bir neçə saat əvvəl fəal əks-hücum əməliyyatlarına keçən müdafiə ordusu əhəmiyyətli uğur qazanaraq düşmənin bir neçə xüsusi təyinatlı hissəsini darmadağın edib. Biz birgə səylərimizlə düşmənin onurğa sütununu sındırmalıyıq”.
Maraqlıdır ki, hələ lovğalını yerə qoymasa da, bu videomüraciətdə Paşinyan ilk dəfə erməni tərəfin çoxsaylı itkilərlə üzləşdiyini etiraf edib.

Təsadüfi deyil ki, onun ardınca, günün sonuna yaxın ağır döyüşlərin getdiyini qeyd edən Ermənistan Müdafiə nazirliyinin təmsilçisi Artsrun Ovannisyan da erməni hərbçilərinin vəziyyətinin yüngül olmadığını açıqlayıb.
Bununla belə, öz başına çarə qıla bilməyən Ermənistanın Müdafiə nazirliyi Azərbaycanın “itkiləri”nin “hesabat”ını verməklə, cəmiyyəti erməni hərbi qüvvələrinin qalibiyyət müharibəsi apardığına inandırmağa çalışır. Ermənistanın rəsmi məlumatına görə həmin vaxta qədər Azərbaycan 2745 canlı qüvvə, 335 zirehli texnika, 123 PUA, 14 təyyarə, 14 helikopter və 4 “Smerç” tipli reaktiv raket sistemi itirib.
Nəşr təəccüblə qeyd edir ki, günün əvvəlində erməni tərəfi Azərbaycanın canlı qüvvə itkisinin 3 mini keçdiyin açıqlamşdı, günün sonuna yaxın isə daha 400-450 nəfər də əlavə edən Artsrun Ovannisyan 2300 rəqəmini səsləndirdi. İndi isə 2945 rəqəmini eşidirik.
Həqiqətən də, görəsən bu rəqəmlərdən hansına onanmaq olar?
Bəli, tüz tapdınız: Heç birinə.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Müharibə   Ermənistan  





Xəbər lenti