Gəncə terronun qisası Cəbrayılın azad olunması ilə alındı - Deputat

Gəncə terronun qisası Cəbrayılın azad olunması ilə alındı -    Deputat
  04 Oktyabr 2021    Oxunub :282
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötür. 2020-ci ilin oktyabrın 4-ü ermənilərin Gəncəyə raket atması nəticəsində yaşayış binaları dağılıb, 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb.
Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüşən rəşadətli Ordumuzun uğurlu əməliyyatları qarşısında tab gətirməyən ermənilər xüsusilə Suqovuşan məğlubiyyətindən sonra proseslərin onların əleyhinə cərayan etdiyini tam olaraq anladılar.
Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyev Azvision.az -a bildirib ki, ermənilər Gəncəyə ilk uzaqmənzilli, qadağan olunmuş raket və bombalar atmaqla əhalini təşvişdə saxlamaq, dinc vətəndaşların ölümünə səbəb olmaq, bununla da müharibənin dayandırılmasına nail olmaq istəyirdilər:
- Ancaq bu istəklərinə nail ola bilmədilər. Gəncəlilər, Azərbaycan xalqı Prezidentin ətrafında daha da sıx birləşdi. Hər kəs Ordumuzun döyüşərək, vuruşaraq torpaqlarımızı işğaldan azad edəcəyinə inanırdı. Bu hadisədən sonra xalqımız ermənilərdən terrorun qisasının alınmasını istəyirdi. Qisas da alındı. Ötən ilin bu günü cəbhədən şad xəbərlər gözləyən xalqımız üçün Cəbrayılın işğaldan azad olunması müjdəsi verildi.


Deputat qeyd edib ki, ermənilərdən fərqli olaraq, Azərbaycan Ordusu 44 gündə ləyaqətli və ədalətli müharibə apardı. Biz heç zaman dinc vətəndaşları və sakinləri hədəfə almadıq, ancaq erməni silahlıları, ermənilərin gətirdikləri muzdlu terrorçulara qarşı vuruşduq:
- Beynəlxalq hüquq və konvensiyalara söykənərək çox ləyaqətli müharibə apardıq. Ermənilərin hərbi cinayətləri bitmədi, növbəti günlərdə də Gəncə şəhəri, Bərdə, Tərtər rayonları hədəfə alındı, çoxlu sayda dinc vətəndaşlarımız şəhid oldu. Ermənilər hərbi terrorundan əl çəkmədi, amma bizim Ordumuz sona qədər vuruşdu. XXI əsrin müharibəsini apardı və qələbə çalan məhz Azərbaycan oldu. Bu zəfərin qazanılmasında başlıca amil Xalq, Ordu, Ali Baş Komandan birliyinin, vəhdətinin olması idi. Məhz bu vəhdət Dəmir Yumruğa çevrildi və düşmənin başına elə zərbə vurdu ki, uzun illər özünə gələ bilməyəcək. Erməni faşizminin məhvinə gətirib çıxaran bu döyüş regionda uzunmüddətli sülhə və əmin-amanlığa xidmət edəcək.

Aytən Zəhra
Azvision.az

Teqlər:







Xəbər lenti