Azərbaycan İrana görə İsraillə əməkdaşlıqdan imtina etməyəcək

   Azərbaycan İrana görə İsraillə əməkdaşlıqdan imtina etməyəcək
  04 Oktyabr 2021    Oxunub:894
İran-Azərbaycan münasibətləri indiki qədər gərgin olmamışdı. Azərbaycan müstəqillik qazandığı 30 ildə İranla münasibətlərdə zaman-zaman gərginliklər yaşanıb, ancaq hər dəfə bu uzun çəkməyib. Misal üçün, Tehran Azərbaycanın BP şirkətiylə birgə Xəzərdəki neft yataqlarından birində çalışmasına əngəl oldu və bu məsələ donduruldu.
İran təyyarələri 2000-ci illərin əvvəllərində Azərbaycanla sərhədi pozmağa başladılar, bu yolla bizə təzyiq etmək istədilər. Türk pilotların Bakı səmasında peyda olmasından sonra İran təyyarələri sərhəddən uzaq uçmağa başladı. Başqa bir nümunə isə torpaqlarımızın işğalı davam edərkən İran Araz çayı üzərində su elektrik stansiyasının tikintisinə başlamaq istədi.

Belə çıxırdı ki, Arazın bu tərəfində su elektrik stansiyasından erməni separatçıları faydalanacaqdılar. Tehran Bakının etirazını nəzərə aldı və tikintini təxirə saldı.
Bu dəfə isə etiraz etdik ki, Qarabağ separatçılarına yanacaq daşımayın, bu İran-Azərbaycan münasibətlərinə mənfi təsir edir. İran rəsmiləri və dini dairələri bu mövzu haqqında bir kəlmə danışmadıqları halda, Azərbaycan-İsrail münasibətlərini hədəf aldılar. Əsas iddiaları belədir: “Sionist rejim İranla sərhəddə yerləşib”. Yəni demək istəyirlər ki, rəsmi Bakı İsrailin Azərbaycanda fəaliyyətinə şərait yaradıb və “sionistlər” sərhədə qədər yaxınlaşıblar.

Məsələni Azvision.az –a şərh edən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, cənub qonşumuz əvvəllər də Bakını İsraillə əməkdaşlıqda ittiham edirdi.

- İranda “sionistlər” sərhədə qədər yaxınlaşıblar ittihamı bir ağızdan hər kəs tərəfindən dilə gətirildiyi üçün gəlinən nəticə budur: Tehranda yüksək səviyyədə Azərbaycanla bağlı toplantı keçirilib və iki qərar veriblər. Birinci qərarda Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edən açıqlamalar səsləndirməyə başlayıblar. İkinci qərar isə sərhəddə təlimlər keçirilməsinə dairdir. Azərbaycana qarşı ittihamları İranın ali dini lideri başda olmaqla, generalları, nazirləri və deputatları az qala hər gün səsləndirir, sosial şəbəkələrdə paylaşırlar.



İran rəsmiləri və din xadimləri əvvəllər də Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edirdilər, ancaq münasibətlərə xələl gətirilməsin deyə bunu bağlı qapılar arxasında səsləndirirdilər. İndi isə ittihamlarını açıq dilə gətirirlər və bununla Azərbaycanla münasibətləri gərginləşdirməyə üstünlük verdiklərini gizlətmirlər. Aydındır ki, Tehran istəyir deyə Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etməyəcək, hətta mümkündür ki, rəsmi Bakı İranın təzyiqləri qarşısında bir neçə ay öncə İsraildə açdığı ticarət nümayəndəliyini rəsmən səfirliyə çevirsin.

Politoloq deyir ki, İran rəsmilərinin İsraillə bağlı Azərbaycana qarşı başqa bir iddiası da var. Guya bir neçə il əvvəl İran səmasında vurulan İsrailin pilotsuz uçuş aparatı Azərbaycan ərazisindən havaya qalxıb. Həmin PUA guya kəşfiyyat xarakterli imiş. Azərbaycan üçüncü dövlətlərin öz ərazisindən İrana qarşı istifadəsinə yol vermir, bu ölkəmizin təhlükəslizlik maraqlarına ziddir. Ancaq Tehran rəsmilərinin iddiası hipotetik olaraq doğru olsa belə, sonrakı illərdə İran səmasında İsrailə məxsus dron vurulmasına dair xəbər yayılmayıb. Ancaq rəsmi Bakı İranın Azərbaycandakı səfirinə xəbərdarlıq notası verdikdən sonra da İran Qarabağ separatçılarına yanacaq daşımaqda davam edib.

İranın hazırki prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandası Azərbaycana qarşı indiki siyasətini davam edərsə, bunun cənub qonşumuza heç bir faydası olmayacaq. Tam əksinə, Azərbaycan özünü İran təhlükəsindən qorunmaq üçün bu dövlətn ehtiyat etdiyi təşkilat (NATO-red.) və dövlətlərlə (Türkiyə, İsrail, Pakistan, ABŞ-red.) hərbi əməkdaşlığını gücləndirəcək.

Elxan Şahinoğlu İranın kəşfiyyat strukturlarının Azərbaycanda fəaliyyətlərini genişləndirəcəklərini proqnozlaşdırıb. İran rəsmilərinin və dini dairələrinin ümidi Azərbaycanda bu ölkəyə rəğbət bəsləyən qrupların artacağına və hakimiyyətə problemlər yaradacağınadır.

- Təsadüfi deyil ki, son zamanlar Azərbaycan vətəndaşları adından İsraili lənətləyən fikirləri internetdə yaymağa çalışırlar. “Hizbullah”ın bayraqlarını Azərbaycanda yaymağa çalışan insanlar da var. Azərbaycan heç zaman İranın daxili işlərinə qarışmadı. Ancaq Bakıdan Tehrana belə bir mesaj da göndərilməlidir ki, İran Azərbaycanda müxtəlif üsullarla tərəfdar qrupları formalaşdırmağa çalışarsa, Azərbaycan da İran daxilində oxşar fəaliyyətə başlaya bilər və bu mübarizədən İran daha çox zərərli çıxacaq. İndinin özündə İran cəmiyyətində və ordusunda “boz qurd” işarəsi göstərənlərin sayı durmadan artır.

Tural Tağıyev

Azvision.az





Teqlər: İran   Sərhəd   İsrail   Gərginlik  





Xəbər lenti