Köçəryan Levon Ter-Petrosyan kimi açıqlamalar verməyə başlayıb

   Köçəryan Levon Ter-Petrosyan kimi açıqlamalar verməyə başlayıb
  04 Oktyabr 2021    Oxunub:909
Ermənistanın eks-prezidenti Robert Köçəryan oktyabrın 4-də keçirdiyi mətbuat konfransında baş nazir Nikol Paşinyanın qarasına o ki var danışıb. Köçəryan çox məyusdur, çünki vaxtilə Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak edib. O, buna gənclik illərini sərf edərək döyüşlərdə cinayətkar dostlarını da itirib.
Nikol Paşinyan isə cəmi 44 gün ərzində eks-prezidentin “əməyini” yerə vurdu, əraziləri itirdi. Köçəryan ona da məyusdur ki, bütün bunlara baxmayaraq, erməni cəmiyyəti seçkidə birinci Qarabağ müharibəsinin qalibi kimi ona yox, ikinci Qarabağ müharibəsinin məğlubu Paşinyana səs verdi.

Məsələni Azvision.az -a şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, Robert Köçəryanın mətbuat konfransında reallığı əks etdirən 3 fikri diqqət çəkib.

- Birincisi, o dedi ki, Ermənistan 1990-cı illərdə Azərbaycandakı xaosdan istifadə edərək Qarabağ və ətraf rayonları ələ keçirdi, “ikinci Qarabağ müharibəsində isə rollar dəyişdi”. Köçəryan Azərbaycanla bağlı haqlıdır, Ermənistanla bağlı sözləri isə reallığı əks etdirmir. Çünki müharibədən əvvəl və sonra da erməni cəmiyyətinin əksər hissəsinin Paşinyana dəstəyi azalmadı və ona qarşı hərbi çevriliş cəhdi reallaşmadı.

İkincisi, Köçəryan mətbuat konfransında bildirdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, Azərbaycanın üzv dövlətlərlə münasibətləri Ermənistandakından daha yaxşıdır. Köçəryan haqlıdır, Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan Ermənistanı Azərbaycan qarşısında məğlubiyyətdən xilas etmədi.

Üçüncüsü isə Köçəryan belə bir sual səsləndirdi: “Azərbaycan 4 ildən sonra Rusiya hərbçilərinin Qarabağdakı mandatını uzatmasa Ermənistan nə edəcək, bu haqda erməni cəmiyyətində düşünən varmı?”. Bu da haqlı sualdır. Azərbaycan 4 ildən sonra rus hərbçilərini Qarabağda görmək istəmir. Köçəyan onu da bildirib ki, Nikol Paşinyan faktiki Qarabağdan imtina edərək bu bölgəni Rusiyaya yükləyib. Həqiqətən Paşinyan öz ölkəsinin problemlərini həll etmək istəyir, Qarabağ onun üçün böyük yükdür.

Robert Köçəryan vaxtilə reallıqları dərk edən prezident Levon Ter-Petrosyanı ona görə devirib prezident kürsüsünü ələ keçirmişdi ki, Azərbaycan Qarabağ üzərindəki nəzarətini bərpa edə bilməsin. Üstündən 25 il keçdikdən sonra Köçəryan Levon Ter-Petrosyan kimi açıqlamalar verməyə başlayıb. Köçəryan elə 25 il əvvəl Levon Ter-Petrosyan kimi reallıqlar qəbul etsəydi, erməni xalqı bu zaman ərzindəki faciələrini yaşamazdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koçaryan   Ermənistan  





Xəbər lenti