Yalan xronikası: Müharibənin 8-ci günü ermənilər nə deyirdilər

   Yalan xronikası: Müharibənin 8-ci günü ermənilər nə deyirdilər
  04 Oktyabr 2021    Oxunub:990
Bu günlərdə Azərbaycan mediası kimi, Ermənistan KİV-i də 44 günlük müharibənin xronikasını araşdırıb, yenidən təqdim etməklə məşğuldur. Əgər biz həmin tarixin hər gününü qürurla, şərəflə anırıqsa, ermənilər əksinə, necə axmaq yerinə qoyulduqlarını xatırlayır və sual edirlər: Bunun hesabını kim verəcək?!

Gecə yarıdan keçmiş Nikol Paşinyanın Almaniya kansleri Angela Merkellə telefon danışığı olub. Ermənistanın baş naziri türk hərbçilərinin və Türkiyə vasitəsilə bölgəyə göndərilən muzdluların döyüşlərdə iştirak etdiyinin ifşa olunduğunu bildirib. Merkel isə atəşin dayandırılmasının və danışıqlar prosesinin həmsədr dövlətlərin prezidentlərinin 2020-ci il oktyabrın 1-də verdikləri bəyanat çərçivəsində bərpasının vacibliyini vurğulayıb.

Bundan sonra Merkel bir daha belə bəyanatlar verməydi.

“Artsax prezidenti”nin “mətbuat katibi”Vaqram Poqosyan şefi Araik Arutyunyanın yaralanması barədə Bakının yaydığı məlumatı təkzib edib.

-Sən demə, “Artsaxın prezidenti” Araik Arutyunyanın hərbi əməliyyatlarda iştirakı düşməni çox narahat edib. Onlar Arutyunyan haqqında yalançı məlumatlar yaymağa başlayıblar, - Poqosyan öz “Facebook” səhifəsində yazıb.

Bir neçə dəqiqədən sonra Araikin özünün sosial şəbəkədə yerləşdirdiyi post vəziyyətin azərbaycan tərəfi üçün faciəvi olduğundan xəbər verir.

“Ön cəbhədə bizim qəhrəman uşaqların yanındayam. Onlar qorxmazlıq və hünər göstərərək, bizim ailələrimizin və Vətənimizin təhlükəsizliyini təmin edirlər. Parallel şəkildə mən tətbiq olunan mexanizmlər vasitəsilə operativ idarəetməni həyata keçirirəm. Ağır döyüşlərdən sonra müdafiə ordusu öz mövqelərini yaxşılaşdırıb və gələcək irəliləmələr üçün zəmin hazırlayıb. Ön cəbhədə çətin vəziyyətə düşən Azərbaycan, dinc əhalini atəşə tutmağa başlayıb. Bu cinayətlər adekvat cavab alacaq və biz Azərbaycan hakimiyyətini sonuncu dəfə xəbərdar edirik...Biz qalib gələcəyik və mövcudluğumuza təhdid edən caniləri cəzalandıacağıq”,- Araik Arutyunyan bildirib.
Sonradan o, əsgərlərlə kofe içdiyini əks etdirən fotoşəklini paylaşaraq, dolayısı ilə özünün ön cəbhədə olduğunu göstərib.

Bütün təkziblərə baxmayaraq, son nəticədə Araik Arutyunyanın həqiqətən də yarlanmasının öz təsdiqini tapması ənənəvi erməni “həqiqət”lərinin əsl mahiyyətini faş edir. Onun ön cəbhədə olmasından Azərbaycan tərəfinin “qorxu”ya düşməsinə gəlincə, “Ayə, qaçın a millət, üstümüzə Araik gəler” deyə qışqırmaq istəyisrən.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Azərbaycan və Ermənistanın razılığı ilə Dağlıq Qarabağa rusiyalı sülhməramlılar yerləşdirilə bilər. Bir qədər əvvəl jurnalistin bununla bağlı sualına cavabında Nikol Paşinyan belə məsələnin daha geniş formatda Minsk qrupu çərçivəsində müzakirə edilə biləcəyini deyib.

Müdafiə nazirliyinin təmsilçisi Artsrun Ovannisyan Ermənistan əhalisinin və dünya ermənilərinin gözlədiyi yazılara başlayıb.

“Artsax cəbəsində atışmalar gedir, ayrı-ayrı sahələrdə artilleriya qurğularından az intensivliliklə atəşlər açılır. Müdafiə ordusu münaqişə zonasında gecə vəziyyətin sabit-gərgin olduğunu bildirib. Cənub istiqmətində vəsiyyət xüsusilə gərgin olub. Düşmənin hərəkətlərinin təhlili onun hücuma hazırlaşdığından xəbər verir. Müdafiə ordusu düşmənin bütün yerdəyişmələrini izləyir və onun bütün addımlarını dəf etmək qətiyyətindədir”,-Ovannisyan yazıb.

Nəşr sual edir ki, əgər müdafiə ordusu düşmənin hücuma hazırlaşdığını etiraf edirsə, niyə eməni ordusunun əks-həmləsi barədə nə baş nazir, nə də Müdafiə nazirliyinin təmsilçiləri qəti şəkildə heç nə demirdilər.

Bir qədər sonra ön cəbhədən qayıtdığını yazan Araik Arutyunyan bütün hissələrdə ruh yüksəkliyinin, hünərin və qəhrəmanlığın şahidi olduğunu və ermənilərin qələbəsinin qaçılmaz olduğunu deyib.

Erməni nəşri yazır ki, amma Ovannisyan nədənsə nə dünənki əks-həmlə, nə də Paşinyanın dediyi kimi düşmənin onurğa sümüyünü sındırmaq barədə bir kəlmə də söyləməyib.

Cəmi bir neçə dəqiqə sonra o, Azərbaycan tərəfinə xəbərdalıq bəyanatı yayıb.
-Çoxsaylı xəbərdarlıqlara baxmayaraq, “Polonez” və “Smerç” sistemlərindən istifadə edən terrorçu azərbaycan ordusu “Stepanakert”in (Xankəndi-red.) dinc əhalisinə zərbələr endirir. Azərbaycanın böyük şəhərlərində daimi şəkildə yerləşən hərbi obyektlər indən sonra “Artsax”ın müdafiə ordusunun hədəfinə çevrilib. Mümkün ola biləcək itkilərdən qaçmaq üçün mən bu şəhələrin əhalisini bacardıqca oraları tərk etməyə çağırıram. Baş verənlərə görə məsuliyyət tam şəkildə Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür,- Araik yazıb.

Bu artıq oktyabrın 3-dən 4-nə keçən gecə Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinin dinc əhalisini ballistik raketlər və reaktiv artilleriya mərmiləri vasitəsilə bombardman edilməsi cinayətinin beynəlxalq aləmdə doğurduğu haqlı qəzəbi səngitmək üçün göstərilən cəhd idi.

Təsadüfi deyil ki, “xəbərdarlıq”dan bir neçə dəqiqə keçməmiş Araikin “mətbuat katibi” öz “Facebook” səhifəsində Gəncədə hərbi aeroportun məhv edildiyini yazdı.

Erməni nəşri qeyd edir ki, sonradan raket zərbələrinin aeroporta yox, Gəncənin yaşayış binalarına endirildiyi aydınlaşdı.

Məhz Ermənistan rəhbərliyinin bu cinayəti törətdiyini ört-basdır etmək üçün Araik Arutyunyan Gəncənin raket atəşinə tutulması barədə özünün əmr verdiyini yazdı.

“Gəncə şəhərində yerləşən hərbi obyektlərin zərərsizləşdirilməsi məqsədilə mənim əmrimlə bu gün müdafiə ordusu bir neçə raket zərbəsi endirib. Mülki əhali arasında qurbanların olmaması üçün hazırda mən atəşin dayandırılması əmrini vermişəm.Əgər düşmən lazımi nəticələr çıxarmasa biz düşmənin ordusunun və araxa cəbhəsinin nizamını pozmaq üçün proporsional və güclü zərbələri davam etdirəcəyik. Biz öz hərəkətimizdə sona qədər getmək qətiyyətindəyik. Nə qədər gec deyil dayanın”,-Araik bildirib.

Bunun ardınca, Ermənistanın Müdafiə nazirliyi tələm-tələsik “rəsmi qaydada” bildirib ki, bu ölkənin ərazisindən Azərbaycan istiqamətinə atəş açılmır. Amma beynəlxalq humanitar hüququn qadağa qoyduğu silahlardan istifadə edən Azərbaycan dinc yaşayış məntəqələrinə, o cümlədən də “Stepanakert”ə hücumları davam etdirir.

Dünya ictimaiyyətinin diqqətini Gəncə cinayətindən yayındırmağa çalışan Ermənistan Xarici İşlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan öz “Facebook” səhifəsində Yaxın Şərqdən bölgəyə gətirilmiş xarici muzdluların kütləvi iştirakı ilə Azərbaycan və Türkiyənin “Qağlıq Qarabağ respublikasına” qarşı genşmiqyaslı hərbi əməliyyatlar apardıqlarını yazıb. “Stepanakert” (Xankəndi) və “Mardakert” (Ağdərə) şəhərləri isə uzaq mənzilli raketlərdən atəşə tutulduğunu da qeyd edib.

Maraqlıdır ki, yalnız müharibənin 8-ci günü, yəni Gəncədə dinc sakinlərin yaşadıqları yerlər gecə raket hücumuna məruz qaldıqdan sonra Ermənistanın baş prokurorluğu Azərbyacanın guya beynəlxalq konvensiyaların qadağalarını pozaraq, Ermənistanın və “Artsax”ın yaşayış məntəqələrini bombaladığını sübuta yetirən faktları toplamağa başladığı barədə açıqlama verib.
Erməni nəşri bildirir ki, müharibədən bir il keçəndən sonra belə bu işin təfərrüatı barədə heç nə məlum deyil.
Müharibə başlayandan sonra ilk dəfə publik şəkildə çıxış edən Ermənistanın Müdafiə naziri David Tonoyan düşmənə “dəhşətli nəticələr” vəd edib.

Ermənilər düşmənin “Mataqis”ə (Suqovuşan-red.) doğru hərəkət edən avtokolonunun müdafiə ordusu tərəfindən vurulması video-görüntüsünü yayaraq, qarşı tərəfin artıq “Mataqis”i tutması barədə məlumatını təkzib edib.

Emənistan Müdafiə nazirliyinin təmsilçisi Artsrun Ovannisyan isə Cəbrayılın azad olunması məlumatının həqiqət olmadığı barədə lovğalıq dolu lağ-lağı bəyanat yayıb.
Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan, “Artsax prezidenti”nin “mətbuat katibi” Vaqram Poqosyan da Suqovuşanın və Cəbrayılın azad olunması barədə Azərbaycan tərəfinin yaydığı məlumatın “feyk-xəbər” olduğunu bildiriblər.
“Zinuj media” qrumu isə Dağlıq Qarabağın müdafiə ordusunun “Mataqis”ə daxil olmağa cəhd göstərən azərbaycan hərbi hissələrinin böyük qruplaşmasını necə məhv etdiyi barədə videorolik göstərib.
Erməni nəşri bildirir ki, azərbaycan tərəfi istinadgahların və yaşayış məntəqələrinin tutulması ilə bağlı hər gün onlarla videoroliklər yayırdı ki, Ovannisyanın brifinqlərində operativ vəziyyəti əks etdirən xəritə dərc olunana qədər bu məlumatlar təkzib edilirdi. Həmin xəritələrdə artıq düşmənin nəzarəti altına keçən rayonlar qırmızı rənglə qeyd olunmağa başladı.
Müharibənin 8-ci günündə Azərbaycanın Suqovuşan və Cəbrayılın azad olunması barədə əsl həqiqəti ermənilərə çatdıran xəbərlərini Ermənistanın “rəsmi” qaydada təkizb etməsi sonda qarşı tərəfin ifşası ilə nəticələndi ki, bu da onun informasiya müharibəsi müstəvisində iflasının göstəricisi idi. Erməni nəşri diqqəti Müdafiə nazirliyinin operativ xəritəsində itirilən rayonların qırmızı xətlə işarələnməsinə elə-belə çəkmir.

Ermənistanın düşdüyü çıxılmaz vəziyyəti görən beynəlxalq erməni diasporu böyük güclərin işə qarışması ümidi ilə bir sıra ölkələrdə, o cümlədən də ABŞ-ın Kaliforniya ştatının ən böyük şəhəri olan Los-Ancelesdə protest aksiyaları keçirməyə başladı. Düz bir il əvvəl diasporanı köməyə çağıran və bu işdə maliyyə dəstəyinin əhəmiyyətini vurğulayan Ermənistan prezidenti Armen Sarkisyan “qələbə bizimlə olacaq” şüarını səsləndirib.

Erməni nəşri Armen Sarksiyanın da məhz “qələbə bizimlə olacaq” ifadəsini xüsusi vurğulayır. Yəni Ermənistan prezidentinin də o vaxt yalan vədlər verdiyinə diqqət çəkir.

Bütün xalqlar arasında ədavət toxumu səpmək ənənəsinə sadiq qalan ermənilər düşdükləri vəziyyətdən çıxış yollarından biri kimi də Azərbaycanda yaşayan xalqları üz-üzə qoymağa cəhd göstərdilər.
Azərbaycanda yaşayan talışlara və ləzgilərə ünvanladığı müraciətdə Araik Arutyunyan onlara zorla erməni “sevgisi” sırımağa çalışır.
-Əziz bacılar və qardaşlar, əziz talışlar və ləzgilər, biz Azərbaycanda gedən daxili siyasi hadisələri, o cümlədən əsasən talışların və ləzgilərin yaşadıqları şəhər və kəndlərdə Əliyevin orduya getmək, “Artsax”a və Ermənistana qarşı vuruşmaq əmrinin boykot edilməsini diqqətlə izləyirik. Protestlərin səbəbi talışlar və ləzgilər arasında yüzlərlə qurbanın olmasıdır. Sizi əmin etmək istəyirəm ki, biz talış və ləzgi xalqlarının ədalətli mübarizəsini dəstəkləyirik və sizin mübarizənizin son məqsədi olan müstəqilliyinizin qazaılması üçün istənilən köməyi göstərməyə hazırıq,- Araik yazıb.

Belə yerdə deyiblər ki, özünə umac ova bilmir, özgəsinə əriştə kəsir! İkincisi, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan Müqəddəs Vətən müharibəsində əgər bütün xalqların təmsilçilrəi bir yumruq kimi birləşməsəydilər heç vaxt bu Şanlı Qələbə qazanılmazdı. Üçüncüsü, Araikin bu həyasızlığı talışlara və ləzgilərə Azərbaycan ərazisində yüzlərlə müsəlman abidələrinin təhqir olunmasını necə izah edə bilər? Dötdüncüsü həmin xalqların təmsilçilərinə az qala canını verməyə hazır olduğunu deyən Araik Ermənistanda və Qarabağda nümunə kimi onların bir nümayəndəsinin qaldığını göstərə bilərmi? Doğrudan da çətin suallardır!

Almaniyanın “Bild” nəşri Ermənistanın baş naziri Nikol Paşinyanın jurnalistləri qəbul edərkən çox gərgin göründüyünü yazıb.

-Yaralananlar və gərginliyin artması barədə növbəti həyəcanlı məlumat alan baş nazir Nikol Paşinyan demək olar ki, yatmır. Qurbanların sayı bilinmir, müstəqil informasiya yoxdur. Lakin aydındır ki, əvvəlki eskalasiyalarla müqayisədə itkilər qat-qat çoxdur-, nəşr bildirib.
Azərbaycanın istifadə etdiyi yüksək texnologiyalı silaha qarşı durmağa Ermənistanın imkanının olub-olmaması barədə suala Paşniyan belə cavab verib: “Düşünürəm ki, Ermənistan və erməni xalqı özünü müdafiə etməkdə tam qətiyyətlidir. Biz öz istehsalımız olan yüksək texnoloji silaha malikik. Mümkündür ki, onun elə də böyük istehsal gücü olmasın, amma biz özümüzün müdafiəmiz naminə texnologiyanı inkişaf etdirmək niyyətindəyik”.
Erməni nəşri yüksək texnologiyalı silaha qarşı dayanmaq imkanı ilə bağlı sualın cavabında baş nazirin “xalqın qətiyyəti” barədə danışdığından təəccübləndiyini gizlətmir.
Ermənistanın öz istehsalı olan yüksək texnologiyalı sialh barədə deyilənlər isə lap gülünc görünür. Eləcə də, Ermənistan Müdafiə nazirliyinin və Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçilərinin yalanı həqiqət kimi erməni cəmiyyətinə sırımaq cəhdləri.


Oktyabrın 4-də keçirdiyi yekun brifinqdə Azərbaycan tərəfinindən 400 hərbçinin öldüyünü, 700-nün isə yaralandığını, 13 hərbi texnikanın, 3 təyyarənin və 1 PUA-nın zədələndiyini bildirən Artsrun Ovannisyan, yenə də ermənilərin qələb çalacağını deyib. Suqovuşanın və Cəbrayılın azad edilməsi barədə Azərbaycanın yaydığı məlumatlara isə böyük ruh yüksəkliyi ilə “feyk-xəbər” damğası vurub.

Amma erməni nəşri xatırladır ki, həmin günlər “Artsax”dan qayıdan Ermənistanın Milli Təhlükəsizlik xidmətinin keçmiş direktoru David Şahnazaryan döyüş meydanında vəziyyətin ağır olduğunu və orada Ermənistandakı kimi eyforiyanın olmadığını və “Artsax”ı xilas etmək üçün Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasının vacibliyini vurğulayıb. Vəziyyəti xilas etmək üçün ölkəni faciəyə aparan Paşinyanın kənarlaşdırılmasını və hərbçilərin hakimiyyəti ələ alması zərurətini bildirən sabiq baş nazir Vazgen Manukyan isə Baş Qərargah rəisini bu addımı atmağa çağırıb.
Polis onların bəyanatlarını dərc edən KİV-ləri cərimələməklə bərabər həmin yazıları sildirib.
Çünki Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejimin liderləri məhz ermənisayaq “həqiqət”lərin yaımlanmasında maraqlı idilər.


Sahil İsgəndərov
Azvision.az


Teqlər: Müharibə   Ermənistan  





Xəbər lenti