Kosmonavtika tarixində ilk: Rusiya real kosmosda kino çəkir

Kosmonavtika tarixində ilk:    Rusiya real kosmosda kino çəkir
  06 Oktyabr 2021    Oxunub:2275
Dünən milyonlarla insan canlı yayımda unikal kosmik uçuşu izlədi. Göyərtəsində rusiyalı rejissor Klim Şipenko və aktrisa Yulia Peresildin olduğu "Soyuz MS-19" kosmik gəmisi Baykonur kosmodromundan Beynəlxalq Kosmik Stansiyaya(BKS) göndərildi.
Azvision.az xəbər verir ki, heyət Moskva vaxtilə 15:12 -də BKS-in rus seqmentinin "Rassvet" moduluna uğurla bağlanıb. Ekipaja kosmonavt, Rusiya Qəhrəmanı Anton Şkaplerov başçılıq edib.

Gəminin modula bağlanması zamanı avtomatlaşdırılmış sistemdə nasazlıq yaranıb. Buna görə də heyət risk etməyərək, əl idarəetməsinə keçmək qərarına gəlib. Bununla bağlı Roskosmosun rəhbəri Dmitri Roqozin deyib: "Vəziyyət nəzarət altındadır. Bunun üçün bir ehtiyat sistemi, əllə idarəetmə imkanları var. Komandirləri belə vəzifələrin öhdəsindən gələ bilmələri üçün hazırlayırıq".
18.01-də kino heyəti artıq stansiyanın daxilində ilk çəkisizlik şəraitində hərəkət etmək həyəcanı yaşayıblar.

"SpaceX" ilk mülki kosmik missiyanı reallaşdırdı
İncəsənət nümayəndələri "Vızov" adlı film çəkmək üçün təxminən iki həftə - 17 oktyabra qədər kosmosda qalacaqlar.

Qeyd edək ki, astronavtika tarixində ilk dəfə olaraq film heyəti kosmosa kino çəkmək üçün göndərilir. Rusiya isə ilk ölkədir ki, BKS-a uğurlu şəkildə rejissor və aktrisa göndərə bildi. Hər iki sənət adamı 400 kilometrdən çox yüksəklikdə yalnız Yerin heyranedici gözəlliyinə tamaşa etməyəcək, orbitdə ağır şəraitdə tammetrajlı bədii film ərsəyə gətirəcəklər. Filmin sujetinə görə aktrisa Yuliya Peresild xəstələnmiş astronavtı xilas etmək üçün orbitə göndərilən bir cərrahı canlandıracaq.



Xatırladaq ki, "Roskosmos" 2020-ci ilin sentyabr ayında kosmosda bədii film çəkmək niyyətində olması barədə məlumat yaymışdı. Dram janrında olan film kosmik agentlik, "Birinci Kanal" və "Yellow, Black and White" studiyasının birgə layihəsidir.

Bundan əvvəl, 2020-ci ilin may ayında amerikalılar da oxşar addım atmağı planlaşdırırdılar. Məşhur aktyor Tom Kruz və rejissor Daq Laymanın iştirakı ilə BKS-da çəkilişlərin aparılmasına hazırlıqların getməsi barədə məlumat yayılmışdı. Lakin mətbuata Tom Kruzun layihəsi adlanan bu çəkilişlər haqqında çox az şey məlum idi. Bir il əvvəl uçuşun 2021-ci ilin oktyabr ayına planlaşdırıldığı və məşhur iş adamı İlon Maskın "SpaceX" şirkətinin ərsəyə gətirdiyi kosmik gəmi ilə həyata keçiriləcəyi bildirilirdi. Hələlik isə yeni detallar açıqlanmayıb.


"Vızov" layihəsi uğur qazanarsa, Rusiya filmi kinematoqrafiya tarixində kosmosda çəkilən ilk kino olacaq. Kino mütəxəssisləri ilk dəfə pavilyonda deyil, Yer orbitində kosmosu canandıracaq bir bədii film çəkəcəklər. Maraqlıdır ki, kosmosda mütəxəssislər də bu işdə onlara kömək edəcəklər. Hansı ki, həmin kosmonavtların da filmdə kadra düşməsi planlaşdırılır.

Tural Tağıyev
Azvision.az


Teqlər:   Kosmos   Rusiya   Kino   Tom-Kruz   İlon-Mask   Roskosmos  





Xəbər lenti