Yol polisi bəzi sürücülərə xəbərdarlıq edib

  06 Oktyabr 2021    Oxunub :223
Yol polisi bəzi sürücülərə xəbərdarlıq edib
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) paytaxt ərazisində hərəkət zolağını tez-tez dəyişərək manevr qaydalarını kobud şəkildə pozan sürücülərə xəbərdarlıq edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Azvision.az -a bildirib ki, paytaxt ərazisində xidmət zamanı, eləcə də xüsusilə texniki vasitələrlə aşkarlanan qayda pozuntuları arasında hərəkət zolağını tez-tez dəyişərək manevr qaydalarını kobud şəkildə pozan və bununla da hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradan sürücülərə tez-tez rast gəlinir. Bu, onu göstərir ki, sürücülər gün ərzində, xüsusilə günün pik saatlarında müəyyən məsafəni daha qısa zamanda qət etmək üçün yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar.

Belə ki, “Yol hərəkəti haqqında” qanuna görə, zolaqların tez-tez dəyişdirilməsi özü manevr qaydalarının pozulması kimi qiymətləndirilir. Eyni zamanda, bu hərəkətlər digər sürücülər, eləcə də yolu keçən piyadalar üçün ciddi narahatlıq yaradır. Bu cür əməlləri edən sürücülər bəzən hesab edirlər ki, onlar müəyyən müddətdə həmin məsafəni daha tez qət edəcəklər. Lakin paytaxt ərazisində sürücülər bilməlidirlər ki, tez-tez rastlaşdıqları yol ayrıcıları, işıqforlar var. Həmin sürücülər yolların hərəkət istiqamətlərini kobud şəkildə pozurlar.

“Sürücülərə bir daha xəbərdarlıq edirik ki, belə qayda pozuntularına yol verməsinlər. Bu, yolun ümumi nizamına təsir edən əsas amillərdən biridir. Həmçinin belə hallar zamanı tez-tez yol-nəqliyyat hadisələri də baş verir ki, bu da yollarda süni sıxlıqların yaranmasına səbəb olur. Bu cür manevr qaydalarının kobud şəkildə pozulması əslində onları digər yerlərdə dayanmağa məcbur edir. Sürücülər nəzərə alsınlar ki, paytaxtın hər bir küçə və prospektində xüsusi texniki vasitələr quraşdırılıb. Yol polisi olmayanda da biz bu qayda pozuntularını aşkarlayıb, sürücülərin barəsində qanunamüvafiq tədbir görürük”, - A.Əsgərli vurğulayıb.

Azvision.az

Teqlər: DYP   Sürücü  







Xəbər lenti