Vətən Müharibəsinin 10-cu günü: Düşmənin beli bükülür

 Vətən Müharibəsinin 10-cu günü: Düşmənin beli bükülür
  06 Oktyabr 2021    Oxunub:842
Müharibənin ilk günündən erməni hərbi hissələrinin qəhrəmanlıqla vuruşması, Azərbaycanın xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etməsi barədə Ermənistan hakimiyyətinin verdiyi bəyanatlara rəğmən, münaqişə bölgəsində yaşanan reallıqlar get-gedə ermənilər üçün daha çox dəhşət filmlərini xatırlatmağa başlayırdı.
Oktyabrın 6-sı sübh saatlarında Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidməti bütün cəbhə boyu, o cümlədən də Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyün ordumuzun tərəfində olduğunu açıqlayıb.
Aparılan hərbi əməliyyatlar nəticəsində düşmənin Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edildi, 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarıldı. Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri darmadağın olundu.

İnsan itkilərinin minimuma endirilməsi sahəsində xüsusi rol oynayan ANAMA-nın mütəxəssisləri münaqişə zonasında və düşmən artilleriyasının hücumlarına məruz qalmış rayon və şəhərlərdə 15 ədəd partlamamış hərbi sursat aşkarlayaraq zərərsizləşdirdi.
Müstəqilliyini bərpa etdiyi andan və Vətən müharibəsinin ilk dəqiqəsindən daim Azərbaycanın yanında olan, onun haqq işini dəstəkləyən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan həmin gün NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdə BMT TŞ və ATƏT-in qətnamələrinin Ermənistanı təcili olaraq işğal etdiyi Azərbaycan ərazilərindən çıxmağa çağırdığını xatırladıb. Bununla da rəsmi Ankara hazırda Azərbaycanın öz gücü ilə həmin qətnamələri icra etdiyini vurğulayıb.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun isə rəsmi “Twitter” səhifəsində Türkiyənin ədalətli savaşda hər zaman qardaş Azərbaycanın yanında olduğunu, beynəlxalq birliyin artıq qeyri-qanuni işğal qarşısında susa bilməyəcəyini yazıb.

Maraqlıdır ki, qəbul etdiyi məlum qətnamələrin yerinə yetirilməsinə indiyədək etinasız yanaşan BMT-nin Baş katibi Antoni Quttereş yaşayış məntəqələrinin atəşə tutulması, hərbi əməliyyatların yayılması barədə xəbərlərdən ciddi narahatlığını bildirərək, regional və beynəlxalq qüvvələri münaqişə zonasında atəşin təcili dayandırılmasına nail olmaq üçün kömək etməyə çağırıb.

Bu bəyanat müasir beynəlxalq münasibətlər sistemində absurd bir vəziyyətin yarandığını sübuta yetirmirmi? BMT məhz onun üçün təsis edilib ki, belə münaqişələrin həllində öz sərt mövqeyini sərgiləsin və onların həllində əsas moderator rolunu oynasın. Amma indi onun özü açıq-aşkar şəkildə bu qurumu oyuncağa çevirmiş güc mərkəzlərinə az qala yalvarır. “Hamı dəli olanda mollanın yanına qaçır, bəs molla dəli olanda kimin yanına qaçsın?” müdrik kəlamını xatırlatmırmı bu reallıq?

Hərbi əməliyyatların başladığı ilk gündən informasiya müharibəsində də Ermənistanın və onun havadarlarının mövqelərinə ardıcıl sərrast zərbələr endirən Azərbaycan prezidentinin danılmaz faktlara, tutarlı dəlillərə əsaslanan bəyanatları və müsahibələri dünyanın müxtəlif ölkələrinin KİV-lərində yaımlanırdı.

Vətən müharibəsinin 10-cu günü Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Aljazeera”, “Əl-Ərəbiyə” televiziya kanallarına müsahibələri, həmçinin dövlətimizin başçısının xalqa müraciəti Misir mass-mediasında geniş şəkildə işıqlandırıldı. Misirin “Almasryalyoum”, “Akhbarelyom”, “Aldiplomasy”, “Alwasela”, “Egyptonline” və “Nile1” informasiya portalları AZƏRTAC-a istinadla “Prezident İlham Əliyev: Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik” və “Azərbaycan Prezidenti: Ərazi bütövlüyümüzü bərpa edəcəyik!” sərlövhəli xəbərlər yayıblar. “Asiaelyoum” informasiya agentliyinin baş redaktoru Əbubəkr Əl- Məcd isə “Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və biz haqq yolundayıq” sərlövhəli məqalə yazıb. Misirin “Rayetmısr” informasiya portalı isə Azərbaycan Prezidentinin müsahibələri və xalqa müraciətindən sitatları yayıb.

Vətən müharibəsi anlayışı məhz bütün xalqın öz rəhbəri, Ali Baş Komandanı ətrafında bir yumruq kimi birləşməsi və onu dəstəkləməsi reallığını özündə ehtiva edir. Prezident İlham Əliyevə 44 gün ərzində ünvanlanan məktubların hamısında iki məqam xüsusi olaraq vurğulanır: “Hər birimiz, bütün xalq Sizinlədir” və “Yaşımızdan və sosial statumuzdan asılı olmayaraq hər birimiz torpaqlarımızın işğaldan azad olunması üçün döyüşə hazırıq”. Azərbaycan xalqı bunu əməldə bütün dünyaya sübut etdi. Öz prezidentinin və Ali Baş Komandanının haqq işinə dəstək olmaq üçün yüz minlərlə soydaşımız cəbhəyə yollanmaq barədə çağırış məntəqələrinə müraciət etdi. Halbuki, bu vaxt Ermənistanda 10 minlərlə insan fərarilik edirdi.

Müharibənin 10-cu günü döyüşçülərimiz “Dəhşət” ləqəbli erməni polkovnik-leytenantı Artur Qalstyanı məhv edərək onu əsl dəhşətin nə olduğunu anlamağa göndərdilər.

Ermənistan hakimiyyətinin və Dağlıq Qarabağdakı separatçı rejimin liderlərinin lovğalıqlarına və uydurmalarına baxmayaraq, regiondakı hadisələrin mahiyyətinə və hadisələrin gedişini diqqətlə izləyən siyasətçilər erməni silahlı qüvvələrinin Azərbaycanla qarşıdurmada heç bir şansı olmadığını vurğulayırdılar. Onlar məhz bu səbəbdən də Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalsini atəşə tutduğunu qeyd edirdilər.

“Artıq Ermənistan tərəfi anlayır ki, müharibəni uduzur. Ermənistan dinc əhalini ona görə atəşə tutur ki, Azərbaycanın uğurlu hərbi əməliyyatlar apardığını görür. Azərbaycanın pilotsuz uçuş aparatları çox yüksək səviyyədədir. Ermənistan pilotsuz aparatlardan özünü müdafiə etmək üçün vasitələrə malik deyil. Azərbaycan Silahlı Qüvvələri addım-addım irəliləyir, Azərbaycan ərazilərini azad edir. Cəbrayıl, Füzuli, cənub istiqamətində digər ərazilər. Hesab edirəm ki, Ermənistan tərəfi başa düşür ki, əgər Azərbaycanın əməliyyatları davam etsə, bu, müharibənin sonu olacaq və Azərbaycan qalib gələcək. Buna görə də Ermənistan münaqişənin foksunu dəyişmək istəyir və dinc əhalini atəşə tutmaqla Bakını məcbur edir ki, reaksiya versin”, - ABŞ-ın sabiq həmsədri və Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.



Oktyabrın 6-da Fransanın ermənipərəst rfi.fr saytı “aralarında peşəkar döyüşçülər olan “könüllü” dəstənin artıq bir neçə gündür ki, Xankəndinə gəldiyini yazıb. Livan, Suriya və Latın Amerikasından olan və yaşı 30-u keçmiş “könüllü”lərin döyüşlərə qatılmazdan əvvəl ekspres təlim keçdikləri və saylarının çoxluğu üzündən bir hissəsinin Yerevanda gözləmə mövqeyində olduğu vurğulanır. Onların Ağoğlan (Hadrut) isttiqamətində Azərbaycana qarşı döyüşlərə hazırlaşdıqları bildirlir. Ermənistanın iddiasına görə, bunlar muzdlular yox, erməni əsilli könüllülərdir.

Sayt yazıb ki, kimliklərinin gizli saxlanılması şərtilə onlar döyüşlərdən danışmağa razılıq veriblər. Aralarında əlinə heç vaxt silah almayan “könüllülər”in sözlərindən belə məlum olur ki, Azərbaycan tərəfi ilə düşmən olduqlarına görə yox, yalnız sağ qala bilmək üçün döyüşürlər. “Başımızın üstündən dronlar uçur. Onları vurmağa məcburuq, yoxsa onlar bizi vuracaqlar, ölməmək üçün qaçmağa məcburuq, ayaq basdığımız hər yerdə meyitlər var. Müharibənin əsl üzü dəhşətdir”, -onlardan biri deyib.



Həmin gün Azərbaycan Ordusunun apardığı sülhəməcburetmə və antiterror əməliyyatları nəticəsində Qarabağda daha iki əcnəbi muzdlu-terrorçunun məhv edilməsi ermənilərin fənd-felinə düşüb bizim ərazilərdə macəra axtaranlara həqiqətən də əsl cəhənnəm dəhşəti ilə üzləşəcəkləri barədə ciddi xəbərdarlıq idi.
Özü də yalnız xəbərdarlıq yox, həm də Azərbaycanın haqq işinin və Müqəddəs Savaşının Qalibiyyətlə bitəcəyinin göstəricisi idi.


Sahil İsgəndərov
Azvision.az


Teqlər:





Xəbər lenti