Azərbaycanda 3-cü doza kimlərə vurulacaq?

   Azərbaycanda 3-cü doza kimlərə vurulacaq?
  07 Oktyabr 2021    Oxunub:2893
Koronavirusa qarşı vurulan peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə hər 2 doza vaksin almış insanlara 3-cü doza (buster doza) ilə peyvəndlənmələri tövsiyə edilir. Belə ki, buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur.

"Bütün dünyada peyvəndin buster dozanın tətbiqinə başlanılıb. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına əsasən buster dozanın ilkin dozalardan 6 ay keçmiş və 65 + yaş həddi, 18+ yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslərə vurulması tövsiyə edilir.

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən (NHS) bildirilir ki, 50+ yaş həddi üçün, 16+ yüksək risk qrupları, həmçinin yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər buster doza qəbul edə bilərlər. İsraildə isə 3-cü doza 60+ yaşlı vətəndaşlarla yanaşı, avqust ayından 12+ yaşlı şəxslərə də tətbiq edilir. Tədqiqatlara əsasən, 3-cü doza almış 60+ yaşlı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. Buster doza müsbət nəticəsini daha çox 65+ qrupda qeydə alınıb".

Y. Qarayeva əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı buster dozanın immunsupressiv hallarda və həssas qruplara tövsiyə edir: "Buster dozanın tətbiqi ilə bağlı Türkiyədə, Amerika Birləşmiş Ştatlarında keçirilmiş tədqiqatlara əsasən, bu dozanın effektivliyi sübut olunub. Kanada da immunsupressiv hallarda və həssas qruplara buster dozanı tövsiyə edir.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi koronavirus infeksiyası əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif olanların 3-cü doza (buster doza) ilə peyvəndlənmələri tövsiyə edir".

Azvision.az



Teqlər: Kroonavirus   Doza  





Xəbər lenti