Spiker Slovakiya parlamentinin Azərbaycan əleyhinə qətnaməsinə etiraz edib

  08 Oktyabr 2021    Oxunub :272
Spiker Slovakiya parlamentinin Azərbaycan əleyhinə qətnaməsinə etiraz edib
Oktyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az - a verilən məlumata görə, Slovakiya Milli Şurasının sədri Boris Kollar bu səfərin ölkələrimiz və parlamentlər arasında münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri bu səfərin Azərbaycan Respublikası Milli Məclisinin sədri səviyyəsində Slovakiyaya ilk səfər olduğunu qeyd edib. Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın enerji siyasəti haqqında danışıb və ölkəmizin Avropanın enerji təhlükəsizliyi arxitekturasında oynadığı rolu xüsusi vurğulayıb.

S.Qafarova görüşdə ötən il 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi möhtəşəm Zəfər haqqında danışıb. Sahibə Qafarova bildirib ki, Ermənistan tərəfindən törədilən təxribatlar regionda davamlı sülhün təmin olunmasına mane olur.

Parlamentlərarası münasibətlərin hazırkı vəziyyəti haqqında da danışan Milli Məclisinin sədri qeyd edib ki, qanunverici orqanlar arasında əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin təşkili Azərbaycan ilə Slovakiya arasında münasibətlərin inkişafına töhfə verir. İki ölkənin parlamentləri bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Lakin parlamentarilər tərəfindən qəbul olunan qərəzli qərarlar və səsləndirilən qeyri-obyektiv bəyanatlar ikitərəfli əlaqələrə kölgə sala bilər. Sahibə Qafarova xüsusilə, ötən ilin noyabrında Slovakiya Parlamentində qəbul olunan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və 1 aprel 2021-ci ildə qəbul olunan "Dağlıq Qarabağ haqqında" adlı qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirib.

Gələn il Azərbaycanda Xocalı soyqırımının 30-cu ildönümünün olacağını diqqətə çatdıran Milli Məclisin sədri xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Azərbaycanın Xocalı şəhərində soyqırımı törədərək, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfəri qətlə yetirib, 76-sı uşaq olmaqla 487 nəfər ağır yaralanıb. 8 ailə tamamilə məhv edilib. Bu insanlar yalnız etnik mənsubiyyətinə görə öldürülüb və işgəncəyə məruz qalıblar. Spiker artıq bir sıra ölkələrin parlamentləri və bəzi beynəlxalq təşkilatlar tərəfindən insanlığa qarşı törədilmiş bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul olunduğunu xatırladaraq, ümidvar olduğunu bildirib ki, slovakiyalı parlamentarilər də bu qətliamı tanımaq üçün prosesə başlayacaqlar.

Görüşdə Milli Məclisin komitə sədri Zahid Oruc və Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov çıxış edərək iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolu, qanunverici orqanlar arasında əməkdaşlığın inkişafının əhəmiyyəti barədə fikirlərini ifadə ediblər.

Azvision.az

Teqlər: Slovakiya   Milli-Məclis   Görüş  







Xəbər lenti