Diplomatik korpusların mətbuat attaşeləri Şuşaya səfər ediblər

  08 Oktyabr 2021    Oxunub :268
Diplomatik korpusların mətbuat attaşeləri Şuşaya səfər ediblər
Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin mətbuat attaşelərinin və xarici jurnalistlərin Şuşa şəhərinə səfəri təşkil edilib. Məqsəd həm işğal dövründə Şuşada həyata keçirilmiş qanunsuz fəaliyyətlə bağlı, həm də hazırda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar onları ətraflı məlumatlandırmaq olub.
Azvision.az xəbər verir ki, qonaqlar əvvəlcə qala divarlarını ziyarət ediblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Zəfər zamanı Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət edilib, işğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Xarici qonaqlar Şuşa şəhərində Xurşidbanu Natəvanın evi, Xan qızı bağı və Xan qızı bulağı olan ərazi ilə də tanış olublar. Məlumat verilib ki, 1832-ci ildə Şuşada anadan оlan Xurşidbanu Natəvan Qarabağ xanı İbrahimxəlil xanın nəvəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızıdır. Xalq arasında Xan qızı adı ilə tanınan Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi.

Bildirilib ki, Xurşidbanu Natəvana məxsus ikimərtəbəli saray kərpic və çaydaşlarından inşa edilib. 1930-cu illərin əvvəllərində Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi, 1987-ci ildən isə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı bu tarixi binada fəaliyyət göstərib. Şuşa şəhəri 1992-ci ildə Ermənistan silahlı bölmələri tərəfindən işğal edildikdən sonra azərbaycanlılara məxsus bir çox tarixi-memarlıq nümunəsi olan tikililər kimi Xurşidbanu Natəvana məxsus olan XIX əsrə aid ikimərtəbəli ev də erməni vandalizminə məruz qalıb. Muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsb edilib. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq Şuşa işğaldan azad olunandan qısa müddət sonra bərpa edilib.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri və xarici jurnalistlər Xan qızı bağını, Üzeyir Hacıbəylinin buradakı heykəlini də ziyarət ediblər. Qeyd olunub ki, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə 1985-ci ildə Xurşidbanu Natəvanın adını daşıyan bağda heykəli ucaldılıb. Heykəl 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq məhv edilib. 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən yeni heykəl yaradılıb. Bürüncdən hazırlanmış yeni heykəl öz əvvəlki yerində quraşdırılıb. Şuşada dini abidələrin, o cümlədən məscidlərin erməni vandallığına məruz qalmasının şahidi olublar. Saatlı, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidlərinə gələn qonaqlara məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Ermənilər Şuşada 11 məscid, 1 ziyarətgah və 2 türbəni tamamilə məhv edib, 6 məscid və 2 mədrəsəni isə dağıdaraq yararsız hala salıblar. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Şuşa şəhərində dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olan qonaqlara məlumat verilib ki, kompleksin tikintisinə 1977-ci ildə başlanılıb və dörd il davam edib. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılıb.

Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi. Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə muzey-məqbərə kompleksinin açılışı olub.

Qonaqlar səfər zamanı Merdinli məhəlləsini, Molla Pənah Vaqifin büstünü və Cıdır düzünü ziyarət edib, Qazançı kilsəsinə aparılan bərpa işləri ilə tanış olub, XVIII əsrə aid Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayında “Yaddaş. Fotoqrafik Tarix Foto Sərgi”yə baxıb, muğam üçlüyünün ifasında Şuşaya, Qarabağa həsr olunmuş mahnıları dinləyiblər.

Azvision.az

Teqlər: Şuşa   Səfər  







Xəbər lenti