Döyüşlərdə xüsusi xidmətləri olmuş qazilər mükafatlandırılıblar

Döyüşlərdə xüsusi xidmətləri olmuş qazilər mükafatlandırılıblar
  09 Oktyabr 2021    Oxunub:776
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin təşkilatçılığı və Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu Rayon Təşkilatının təşəbbüsü ilə tədbir keçirilib.
Azvision.az xəbər verir ki, tədbir 44 günlük vətən müharibəsinin ildönümü münasibətilə Vətən müharibəsi dövründə xüsusi xidmətləri olmuş qazilərin mükafatlandırılmasına həsr edilib.

Mükafatlandırma mərasimində Vətən müharibəsi iştirakçısı olmuş qazilər, YAP Sabunçu Rayon Təşkilatının rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən YAP Sabunçu Rayon Təşkilatının sədri Misirxan Vəliyev, deputat Əliabbas Salahzadə, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr əvəzi Qalib Əliyev və sədr müavini Məcid Məmmədov, Vətən müharibəsi qəhrəmanı Bəxtiyar Mustafayev, qazilər çıxış edərək 44 günlük Vətən müharibəsində tarixi qələbənin qazanılmasından söz açıblar. Natiqlər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğunun sayəsində və onun rəhbərliyi altında Müzəffər ordumuzun torpaqlarımızı işğalçı ordudan azad etməsi, hərbçilərimizin göstərdiyi fədakarlıqlardan danışıblar.



Qeyd edilib ki, şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı yönümündə birgə ictimai-siyasi fəaliyyət olduqca vacibdir. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal jurnalistlərə açıqlamasında deyib ki, YAP ilə birgə bu cür milli vətənpərvər təşəbbüslərlə çıxış etməkdə əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin şəhid ailələri, qazilər və müharibə iştirakçılarının sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi ictimai-siyasi kursu əsas götürərək dövlət-QHT münasibətlərin daha da inkişaf etdirilməsi fonunda vətəndaş cəmiyyəti tərəfindən bu cür ictimai dəstəyin davamlılığını təmin etməkdir.



Birlik rəsmisi onu da vurğulayıb ki, Vətən müharibəsi Əlillərinə Kömək İctimai Birliyi gələcəkdə də YAP ilə milli, vətənpərvər ruhda birgə təşəbbüs və layihələrdə iştirak edərək ölkəmizin həssas təbəqəsinə diqqət göstərmək üçün bütün imkanlarını səfərbər edəcək.
Qeyd edək ki, mükafatlandırma mərasimində 40 dan çox qaziyə mükafat və hədiyyələr təqdim edilib.











Azvision.az




Teqlər: Qazi   Mərasim  





Xəbər lenti