"Saakaşvili həbsxanada yarım kilo bal yeyib" - Qaribaşvili

   "Saakaşvili həbsxanada yarım kilo bal yeyib" -    Qaribaşvili
  11 Oktyabr 2021    Oxunub :642
"Aclıq edən şəxs yarım kiloqram bal yemir". Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq prezident Mixail Saakaşvilinin həbsxanada aclıq aksiyası keçirməsinə münasibət bildirərkən deyib.
Qaribaşvili söyləyib ki, sabiq prezident şəxsən öz bank kredit kartı ilə yeddi banka bal alıb və yarım kilo bal qəbul edib.

"Aclıq elan etdiyini açıqlayan adam yarım kilo bal yeməməlidir, bunu tam məsuliyyətlə deyirəm. İnsanları aldatmağı və cəmiyyəti çaşdırmağı dayandırın", -Qaribaşvili əlavə edib.

Gürcüstan hökuməti başçısının sözlərinə görə, ixtisaslı həkimlər Saakaşvilinin səhhətinə nəzarət edir və vəziyyəti qənaətbəxşdir: "Bu sirk və şou bir məqsədə xidmət edir - hərarəti qaldırmaq və cəmiyyətə məhbus Saakaşvilinin ağır xəstə olduğunu göstərmək. Və bu, Saakaşvilinin şəxsi göstərişidir, çünki onlar (Vahid Milli Hərəkat Partiyası - red.) yerli hakimiyyət orqanlarına seçkilərin ikinci turunda uduzacaqlarını bilirlər".

Bundan əvvəl Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze onun səhhətinin pisləşdiyini açıqlayıb. Həkimin sözlərinə görə, sabiq prezidentin danışması və yeriməsi çətinləşib. Bundan başqa, Saakaşvili daha əvvəl mediada məlumat verilməyən qan xəstəliyindən – talassemiyadan əziyyət çəkir.

Saakaşvilinin vəkili Nika Qvaramiya isə eks-prezidentinin aclıq aksiyasını davam etdirmək niyyətində olduğunu deyib.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Gürcüstan   Mixeil-Saakaşvili  







Xəbər lenti