İslam İran dini deyil, yaxud dindarlar niyə susur

      İslam İran dini deyil,    yaxud dindarlar niyə susur
  12 Oktyabr 2021    Oxunub:2797
Son zamanlar cənub qonşumuz İranla aramızda yaşanan gərginlik cəmiyyətimizin ən həssas yerinə çevrilib. Əhalisinin təxminən yarısı azərbaycanlı (türk), əksəriyyəti bizim kimi müsəlman (şiə) olan, ortaq tarixə, mədəniyyətə, ənənələrə malik olduğumuz ölkənin qəribə, bir çox hallarda təəccüb və təəssüf doğuran davranışları xalqımızı və dövlətimizi istər-istəməz narahat edir.
44 günlük Qarabağ savaşında əldə etdiyimiz möhtəşəm qələbəyə din qardaşlarımız nədənsə sevinmədilər. Sevinmələri bir yana, hətta sonradan məlum oldu ki, arada mane olmaq da istəyiblər. Ordumuz Cəbrayılda irəliləyərkən onun qarşısını kəsməyə cəhd göstəriblər. Bununla belə, yəni qələbəmizə əngəl törədə-törədə, onu gözləri götürməyə-götürməyə, sonradan ona şərik də çıxmaq istədilər. “Fətva vermişik” dedilər, dedizdirdilər.
Hacıların səssizliyi: Azərbaycanın ideoloji təhlükəsizliyinə hədə var

30 ilə yaxın davam edən işğal dövründə iranlı qardaşlarımız Qarabağdakı erməni daşnakları, separatçıları ilə müxtəlif səviyyəli əlaqələr qurdular, alver elədilər, onlara mal göndərdilər, zəbt olunmuş Azərbaycan torpaqlarında qanunsuz işlərlə, təsərrüfatla məşğul oldular. İşğalda olan sərhəd xəttindən və bizə məxsus ərazidən narko-tranzit kimi istifadə etdilər.

Bu məsələlər Azərbaycan xalqına və dövlətinə yaxşı məlum olsa da, biz çox zaman dostluq, qardaşlıq, qonşuluq münasibətləri naminə susmuş, odun üzərinə yağ yox, su tökməyə çalışmışıq. Dövlətimiz də hər zaman münasibətləri mülayimləşdirmək yolu tutub, bu yöndə səylərini əsirgəməyib. Müsəlman İranın xristian və təcavüzkar Ermənistanla mehriban qardaşlıq münasibətləri Azərbaycanda hər zaman haqlı narazılıq doğurub, müxtəlif səviyyələrdə ifşa olunub, cəmiyyət, xalqımız öz prinsipial mövqeyini ortaya qoyub, ancaq dövlətimiz dinc yanaşı yaşamaq, münasibətləri gərginləşdirməmək prisipindən çıxış edərək, məsələləri diplomatik üsullarına yoluna qoymaq xətti tutub.



Əlbəttə, ümid edirdik ki, İran heç olmasa, beynəlxalq hüquqa hörmət qoyar, işğaldan azad olunan torpaqlarda Azərbaycanın suverenliyinə sayğı ilə yanaşar və əvvəlki qanunsuz əməllərindən əl çəkər. Ancaq bu da olmadı. Belə çıxır ki, Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdiyi torpaqlarında hər hansı fəaliyyətlər həyata keçirmək, yəni öz ərazisində hərbi təlim keçirmək, yaxud ərazisindən keçən magistral yola (Gorus-Qafan yolu) nəzarət etmək, yük daşıyan maşınları yoxlamaq üçün üçün İrandan icazə almalı imiş. Üzr istəyirəm, ancaq bu normal sivil dövlətə yox, quldur dəstəsinə, terror təşkilatına yaraşan bir davranışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, heç kəs Azərbaycan dövləti ilə bu dildə danışa bilməz. Bunu hər kəs, o cümlədən İran birdəfəlik qulağında sırğa etməlidir.

İran heç vaxt Azərbaycana qarşı səmimi olmayıb, ancaq hər zaman onunla hesablaşmaq zorunda qalıb. Azərbaycanın müstəqilliyini sözdə tanıyan, Qarabağ münaqişəsində bizə sözdə dəstək verən, üzdə bəzi humanitar yardımlar edən İran əslində qəlbən hər zaman Ermənistanın yanında olub. Azərbaycanın qaçqın düşərgələrində məskunlaşan insanlara hansısa xırda yardımlar edibsə də, bunu hər zaman ideoloji qılafda təqdim edib. Azərbaycan vətəndaşlarını müxtəlif vasitələr, öz molla emissarları vasitəsilə ələ almağa çalışıb. Vətəndaşlarımıza Azərbaycanın tarixi İran ərazisi olduğu təlqin və təbliğ olunub, Azərbaycanın müstəqllik perspektivini şübhə altına alan ideoloji iş aparılıb. İran bunlarla paralel olaraq Ermənistanla sıx siyasi-iqtisadi əlaqələr qurub, ermənilərə azərbaycanlılardan qat-qat çox yardım göstərib.



Bütün bunlar öz yerində, amma ən təhlükəlisi İranın Azərbaycanda fəal surətdə həyata keçirdiyi dini missiya, din, məzhəb pərdəsi altında apardığı ideoloji təxribatdır. Heç kəsə sirr deyil, əgər İran dövləti üçün İslam dini, müsəlman təəssübkeşliyi priopitet olsaydı, onlar qardaşlarının torpağını işğal edən xristian ermənilərlə bu dərəcədə can bir qəlbdə olmazdılar. İkincisi, İranın ayətullalarının, üləmalarının, mollalarının təbliğ etdiyi şiəliyin sırf fars millətçiliyinə, hətta şovinizminə xidmət etdiyi gün kimi aydındır. İranda qeyri-farslara, xüsusilə türklərə qarşı uzun illərdir dövlət səviyyəsində aparılan irqçilik, ksenofobiya siyasəti bütün dünyaya məlumdur. 40 milyonluq millətin dilində normal məktəblərin, qəzet və jurnalların, televiziya və radioların olmaması açıq-aşkar assimilyasiya siyasətidir. Əslində ölkə əhalisinin yarısını təşkil edən azərbaycanlıların (türklərin) ana dilinə İranda ikinci dövlət dili statusu verilməlidir, ancaq fars-molla rejimi azərbaycan (türk) dilinin loru səviyyədə qalması, ədəbi dil səviyyəsinə yüksəlməməsi üçün əlindən gələn hər şeyi edir. Onlar bunu təkcə İranda, cənubi Azərbaycanda etməklə kifayətlənmir, fəal surətdə Azərbaycan Respublikasına sızmağa da çalışırlar.

Azərbaycandan İrana dini təhsil almağa gedən tələbələr bilərəkdən farslaşdırılır, fars dilində yazmağa, fars ləhcəsi və intonasiyası ilə danışmağa sövq edilirlər. Qumda təhsil alıb qayıdan hər bir azərbaycanlı molla yas məclislərində təxminən belə danışır: “Eliyə billəm sizə deyəm ki, dini islam peyğəmbərimiz Muhəmməd sallalahu-aleyhü və səlləmə Allah tərəfindən cənabi Cəbrayil vasitəsilə nazil olundi ki, bunu bilmək hər bir müsəlmana suab və fərzidir...”

Qardaşlar, belə də azərbaycan dili olar? Müstəqilliyimizin ilk illərində, ailə qurarkən anam “Nikah haqqında şəhadətnamə” ilə yanaşı mollanın yazdığı “kəbin kağızının” vacib olduğunu deyib, evimizın yaxınlığında yerləşən məscidə, mollanın yanına getdi. Gələndən sonra alıb həmin kağıza baxanda farsca yazıldığını gördüm. İstər-istəməz düşündüm: niyə Azərbaycan məscidi kəbin kağızını fars dilində verir? Məgər islamın dili fars dilidir? Əgər ərəb dilidirsə, farslar bu qaydanı niyə pozur? Fars dilində ola bilərsə, azərbaycan dilində niyə olmasın?

Ta gənclik illərimdən məni bir sual da düşündürüb: niyə Azərbaycandakı məscidlərdə azanları farslar verirlər? İndi deyəcəksiniz ki, əşi, burda fars nə gəzir. Bəli, burada farslar yoxdur, amma azanlar hamısı İranda yazılır və onları məhz farslar fars boğazı ilə oxuyurlar. Bir dəfə bir yas məclisində molladan bu barədə soruşdum. Cavab verdi ki, gəlib canlı azan vermək istəyən yoxdur. Əvvəllər vardı, amma indi yoxdur. Mən də dedim ki, maaş versəniz, gələrlər. Ya da elə öz müəzzinlərimizin səsini lentə yazıb verə bilərsiniz. Müəzzin olması da vacib deyil, azanı xanəndələr də verə bilər. Misal üçün, Arif Babayev, Alim Qasımov çox gözəl azan oxuyurlar...



Yeri gəlmişkən, bu məsələ hələ də öz həllini tapmayıb. Buradan Qafqaz Müsəlmanları Ruhani idarəsinə səslənirəm: niyə məscidlərdən özümüzün yox, fars müəzzinlərinin lent yazıları səsləndirilir? Hesab edirəm ki, bu, çox vacib məsələdir və tezliklə həll olunmalıdır.

Son zamanlar Azərbaycan ictimaiyyətini düşündürən əsas suallardan biri də budur ki, hazırda iki ölkə arasına gərginliyin pik həddinə çatdığı, ən yüksək səviyyədə bəyanatlar verildiyi, ittihamlar səsləndirildiyi bir vaxtda din xadimlərimiz niyə susurlar? Baş verənlərin bunlara dəxli yoxdurmu? Niyə şeyxülislam Allahşükür Paşazadə, ölkədə müəyyən zümrə arasında populyarlığı ilə seçilən Hacı Şahin Həsənli, Hacı İlqar və digərləri ağızlarına su alıblar? Bəlkə bu adamların İrandan hər hansı asılılığı var?.. Doğrudur, şeyx həzrətləri Ərdəbil mollası Amuliyə müəyyən cavab verdi. Ancaq etiraf edək ki, bu cavab ürəkdən gəlmirdi və bir növ deklorativ xarakter daşıyırdı. Odur ki, davamı da olmadı...

Maraqlıdır, əlbəttə. Asılılıq varsa, bu hansı formada və səviyyədədir. Bir neçə ay öncə bütün Qafqazın şeyxinin Ağdam məscidinda İranın ali dini rəhbərinin Bakıdakı təmsilçisi Ocaqnejad adlı birinin qarşısında namaz qılaraq Qarabağın azad olunmasında Xameneyinin fətvasından danışması cəmiyyətimizdə haqlı və ciddi narazılıq doğurmuşdu. İnsanlar istər-istəməz düşünür və soruşurdular: niyə Qafqazın şeyxi İran dini liderinin ağzına baxır, onun fətvasını həlledici sayır? Baxmayaraq ki, heç sözügedən “fətva” da vaxtında yox, hər şey həllini tapdıqdan sonra verilmişdi. Yəni İranın bütün bəyanat və davranışları kimi, boğazdanyuxarı idi...

Əlbəttə, din xadimləri radikal bəyanatlardan çəkinməli, insanları daha çox sülhə, əmin-amanlığa səsləməlidirlər. Ancaq bu təkcə bizə, ölkəmizin ruhanilərinə aid deyil. Əvvəlcə Prezident İlham Əliyevin çox yerində və haqlı olaraq “hansısa əyalət mollası” adlandırdığı Həsən Amuli bizə “şirin quyruğunu” tapdalamamağı məsləhət gördü, ondan sonra da ağası Xameneyi “şapalaq” ilə hədələdi. Biz əlbəttə, səbrliyik, qonşularla münaqişə, savaş istəmirik. Bilirik ki, Allah eləməmiş, belə bir şey baş versə, nəticələr ağır olacaq. Bu davada təkcə pis adamlar yox, yaxşılar da əziyyət çəkəcək, tələf olacaq. Ən pisi də odur ki, müharibə Azərbaycan torpaqlarında gedəcək və ən çox azərbaycanlılara ziyan dəyəcək. Ancaq hər şeyin bir həddi var. Əgər İran mollası, ayətullahı bizə hədə-qorxu gəlirsə, Azərbaycan ruhanisi də ona layiq olduğu cavabı verməli, öz xalqının və dövlətinin yanında olmalıdır.

İran mollakratiyası, xüsusi xidmətləri, agenturası Azərbaycanın müstəqilliyindən üzü bu yana burada fəal surətdə işləyir, açıq və gizli fəaliyyətlə məşğul olurlar. Bu fəaliyyətlərin bir neçə istiqamətini qeyd etmək olar. Əvvəla, İranın müxtəlif şəhərlərində, xüsusilə Qumda ruhani təhsilə cəlb olunan gənclərimizin beyni yuyulur, onlardan iranpərəst molla-missionerlər hazırlanır. Onlar xalq arasında, yas məclislərində müxtəlif xarakterli təbliğatla məşğul olurlar. Burada mühüm məqamlardan biri də odur ki, həmin fəaliyyət, yəni mollalıq yaxşı gəlir gətirən sahədir. İran bu insanlara dini təhsil verməklə bir gülləylə iki dovşan vurur. Mollalar da öz növbəsində həm xalqın beynini yuyur, həm də onu soyaraq, pul qazanırlar. Digər bir istiqamət İranın Azərbaycanda müxtəlif istehsal və ticarət şəbəkələri yaradıb, ölkəmizin vətəndaşlarını işə cəlb etməsidir. Həmin müəssisələr, təbii ki, insanları təkcə işlə təmin etmir və hər adamı da işə götürmürlər. Daha asan “bişən” potensial namizədləri cəlb edir, qısa müddətdə qatı şiə, yəni İran təəssübkeşinə çevirirlər. Bu zaman sosial durumu, ehtiyacları, hətta regionu belə nəzərə alırlar. Bu yolla çox zaman səmimi inanc sahiblərinin saf duyğuları da istismar olunur. Üçüncü yol İnternet, media, sosial şəbəkələrdir. Konkret faktlara malik olmasam da, İran kəşfiyyatının bu sahəyə maliyyə ayırdığı, bəzi vətəndaşlarımızı bu xətlə ələ aldığına dair məlumatlar dolaşır.

Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, İran Azərbaycanda azsaylı da olsa müəyyən ümid bəslədiyi bir kontingent yarada bilib. Ruhani liderlərin bu məsələdə ehiyatlı davranmasının səbəblərindən biri də həmin kontingentin potensial siyasi dəstəyini itirməmələri ola bilər. Ancaq ortaya qəti mövqe qoymayanların daha ciddi və konkret səbəblərinin (ticarət, biznes, qohumluq və s.) olduğu da ehtimal olunur.



Ölkəmizdə zaman-zaman islam şüarları və siyasi fəaliyyət adı altında İranın xüsusi xidmət orqanları, siyasi-dini dairələri ilə cürbəcür əlaqələrə girənlər, Azərbaycanın konstitusion quruluşuna qarşı çıxanlar, iğtişaşlar, hətta silahlı toqquşmalar yaratmağa cəhd edən qruplar olub. Onların İran ayətullahlarının əlini öpməsi və Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmaları paradoksaldır. Təsəvvür edin: İran ayətullahının əlini öpən, ona biət edən biri Azərbaycanın prezidenti, ya da elə naziri olur.

İran bu gün də öz məkrli niyyətini həyata keçirmək, Azərbaycanın müstəqil dövlət kimi inkişafına əngəl törətmək, bu baş tutmayanda dövlətimizin qəbul etdiyi qərarlara təsir etmək üçün bütün vasitələrdən istifadə edir. Bu mənada ruhanilərin mövqeyi önəmlidir. Azərbaycanın bütün vətəndaşları kimi, onlar da öz dövlətimizin, Prezidentimizin yanında olmalı, müstəqil Azərbaycanın maraq və mənafelərini hər şeydən uca tutmalıdırlar.

Nadir Qocabəyli
Azvision.az


Teqlər:   İran   İslam  





Xəbər lenti