Müharibənin 16-cı günü: Qurbanlarımızın qisasını aldıq!

 Müharibənin 16-cı günü:  Qurbanlarımızın qisasını aldıq!
  12 Oktyabr 2021    Oxunub:1798
Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qaldı. Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərdil'r. Amma yenə də Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi ağır zərbələrdən xeyli itki verən düşmən geri çəkilməkdə davam etdi.
Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri bir gün əvvəl Ermənistan ərazisindən raket atəşinə tutulmuş Gəncəyə gələrək, günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirilən cinayətin nəticələri ilə yerində tanış oldular. Onlara eyni zamanda Azərbaycanın sənaye şəhəri olan Mingəçevirin, o cümlədən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasının Ermənistan tərəfindən raket atəşinə məruz qaldığı barədə məlumat verildi.

Gəncənin dinc sakinlərinə qarşı törətdiyi terror hücumu ilə bağlı hakim Yeni Azərbaycan Partiyası əməkdaşlıq etdiyi siyasi partiya bloklarına və siyasi partiyalara növbəti müraciət ünvanladı. Müraciət Avropa və Asiyanın 37 ölkədən 57 siyasi partiyasına, eləcə də bir sıra beynəlxalq təşkilatlara göndərildi.

Atəşkəs barədə vasitəçilik missiyasına Ermənistanın kölgə saldığı Rusiyanın Xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla Moskvada görüşdə Qarabağda atəşkəs razılaşmasına tam əməl olunmadığını və döyüşlərin davam etdiyini vurğuladı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Kremlin vəziyyəti yaxından izlədiyini və əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin, perspektivdə döyüş əməliyyatlarının tamamilə dayandırılmasının gələcəkdə münaqişəsinin həllində siyasi-diplomatik vasitələrə keçmək üçün son dərəcə vacib olduğun bildirdi.

Ermənilərin Gəncəyə qarşı terrorundan yazan Rusiyanın məşhur “Kommersant” qəzeti əvvəlcə Ermənistan ordusunun atdığı mərmilər nəticəsində Tərtər rayonunda dağılmış evlərin, yerli əhalinin zirzəmilərdə daldalanmasının şahidi olduğunu yazır. Oktyabrın 11-də səhər Ermənistan ordusunun Gəncəyə raket atmasını eşidərək şəhərə gələn rusiyalı müxbir Kirill Krivoşeyev raketin yaşayış binasına düşməsi nəticəsində dinc sakinlər arasında ölənlərin və yaralananların olduğunu, su anbarı və su elektrik stansiyasının yerləşdiyi Mingəçevirin də atəşə tutulduğunu, Gəncədə yaşayış evinin tamamilə dağıldığını, ətraf tikililərə də ciddi ziyan dəydiyini vurğulayır.

Daim Azərbaycanın yanında olan qardaş Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar hər zaman son dərəcə təcavüzkar davranan, insanlıq və müharibə cinayətləri törədən Ermənistanın Gəncəyə hücumu görə cavab bir gün həm tarix, həm də beynəlxalq hüquq qarşısında cavab verəcəyini qeyd etdi.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Gəncə faciəsi ilə bağlı xalqımızın dərdinə şərik çıxaraq, Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanladı. Məktubda tarixi ədalətin və hüququn Azərbaycanın tərəfində olduğu bildirilir və döyüşlərdə həlak olanlara Allahdan rəhmət, yaralıların tezliklə şəfa tapmaları arzulanır.

Türk Şurasının Gəncə şəhərinin Ermənistan tərəfindən raket atəşinə tutulmasını qətiyyətlə pisləyən bəyanatında bu cinayətin beynəlxalq hüquqa zidd olduğu bildirildi. Belə hücumların dayandırılmasının və işğalçı qüvvələrin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxmasının vacibliyi vurğulandı.

Öz cinayətlərini ört-basdır etmək üçün Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçı rejimin liderləri məhz Azərbaycanın mülki əhalini raket atəşinə tutması barədə cəfəng uydurmalar yaymağa və bu münaqişəyə dini ədavət donu geyindirməklə, xristian ölkələrini müharibəyə sövq etməyə çalışırdı. Amma cidanı çuvalda gizlətmək hələ heç kəsə müyəssər olmayıb. Ermənistanın raket hücumuna məruz qoyduğu Gəncədə 150 illik tarixə malik pravoslav kilsəsinin də ətrafına raket zərbələrindən zərər çəkməsi erməni qəsbkarlarının heç bir dinə, inanca baxmadıqlarını, onlar üçün müqəddəs heç nə olmadığını sübuta yetirir.

Rusiya əsilli amerikalı siyasi analitik Endryu Koribko isə Azərbaycanı “soyqırımı siyasəti yürütməkdə” günahlandıran erməni separatçıların lideri Arayik Arutyunyana cavabında bildirib ki, bu siyasəti nəinki bu gün, tarixən həyata keçirən məhz Ermənistanın özüdür.

Ermənistanın bütün təxribatlarına və dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərə Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında layiqli cavablar verdilər. Müharibənin 16-cı günü cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edildi və sıradan çıxarıldı. Bundan başqa, Oktyabrın 12-ə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 PUA-sı və saat 10:00 radələrində Ağdam rayonu istiqamətində 1 PUA-sı məhv edildi. İki həftə ərzində isə separatçılar Dağlıq Qarabağdakı hava hücumundan müdafiə sistemlərinin 80% -ni itirdilər ki, bu da Azərbaycan aviasiyasının bölgədə praktik olaraq sərbəst fəaliyyət göstərməsinə imkan verdi.

Oktyabrın 12-də daha 51 hərbi qulluqçunun öldüyünü etiraf edən Ermənistanın Müdafiə nazirliyi indiyədək canlı qüvvə itkisinin 480-ə nəfərə çatdığını bildirsə də, əslində bu rəqəmin xeyli çox olduğu hamıya aydın idi. Həmin gün məhv edilən qəsbkarlar arasında
düşmənin 246-cı alayının tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan və Azərbaycana qarşı döyüşmək üçün İspaniyadan Dağlıq Qarabağa gələn erməni əsilli iş adamı, Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyanın yaxın dostu Armen Knyazyan da var idi.


Müharibənin 16-cı günü ən önəmli hadisə Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilməsi, alayın 5-ci taborunun şəxsi heyətinin isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçması oldu. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkildi. Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açdı. Tank əleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk etdi.

Bu artıq geriləmə yox, əsl “dabana tüpürüb qaçmaq” idi. Bir neçə gün əvvəl Hadrutun Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunması xəbərini uydurma adlandıran Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bu qaçışı belə izah etdi: “Onlar bu addımı taktiki və əməliyyat zərurətindən irəli gələrək atıblar. Ermənistan ordusu həm geri çəkilir, həm də hücum əməliyyatları aparır”.

Amma bu necə taktiki gediş idisə, Ermənistanın baş naziri Nikol Paşinyan təcili surətdə parlamentdən kənar siyasi qüvvələrin nümayəndələri ilə görüş keçirərək, Qarabağ məsələsi ətrafında ciddi müzakirələr aparmağa başladı.

Məhz bu raellaıqlar fonunda Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə şəxsən hücum qərarını verən Paşinyanın hazırda çox ağır psixoloji sarsıntılar keçirdiyini və dünən Gəncədə itirilmiş qurbanlarımızın qisasını bu gün döyüş meydanlarında aldığımızı vurğuladı.

Həmin müsahibədə Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsində bizim əsas vəzifəmizin və şərtlərimizin, habelə Ermənistanla fərqlərimizin mahiyyətini açıqladı:
- Ermənistan terror dövlətidir. Gəncə şəhəri bombardman edilmişdir. Şəhər “Toçka-U” raketləri ilə atəşə məruz qalmışdır və bunun nəticəsində mülki vətəndaşlar həlak olmuş və yaralanmışlar. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır.
- Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir.
- Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün demək olar ki, hansısa şəhər və ya kənd işğaldan azad edilir, yaxud kəndlərin yerləşməsi nəzarət altına alınır. Sadəcə olaraq yaşayış məntəqələrinə biz hələ daxil olmamışıq. Çünki, hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq, müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik.
- Biz göstərdik kim kimdir. Ona görə bu reallıqlarla gərək həm Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın, bütün dünya hesablaşsın. Bizə dur deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz də istəmirik ki, qan tökülsün. Amma ondan sonra gərək siyasi proses başlasın. Siyasi proses başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər.
- Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq.
- Ümid edirdik ki, Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək.
- Moskvada əldə olunan razılaşma, hesab edirəm ki, bizim maraqlarımıza tam cavab verir. Çünki ilk növbədə orada göstərilir ki, həlak olanların cəsədlərinin, əsirlərin humanitar əsaslarla dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik. Ancaq Ermənistan buna getmirdi.
- Biz orada şəhərlər quracağıq, biz oraya həyatı qaytaracağıq. Biz bütün dağılmış yerləri bərpa edəcəyik. Ora indi bizim ordumuzun nəzarətindədir. Artıq işğaldan azad edilmiş torpaqların bəzilərinə bizim mətbuat nümayəndələri də gedirlər. Bəzilərində isə hərbçilər özləri videoya çəkirlər, görürlər ki, orada bir dənə də salamat bina yoxdur. Yəni, bu, faşistlərin əməlləridir. Dünya bunu görməlidir və görəcək.

Bəli, bu gün Azərbaycan azad olunmuş ərazilərə həyatı qaytarır, oralarda sözün əsl mənasında yeni və müasir şəhərlər salmağa başlayıb. Bütün dünya bunun şahididir. Amma bu məqama çatmaq üçün biz hələ qanlı-qadalı müharibənin daha 28 gününü yaşamalı, erməni faşizminin başını əzməli idik və əzdik də.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Vətən-Müharibəsi   44-Gün  





Xəbər lenti