Dünya çempionatında uğurla çıxış edən güləşçilərimiz Vətənə qayıdıblar

Dünya çempionatında uğurla çıxış edən güləşçilərimiz Vətənə qayıdıblar
  12 Oktyabr 2021    Oxunub:474
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatında uğurla çıxış edən idmançılarımız oktyabrın 12-də Vətənə qayıdıblar.
Azvision.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Güləş Federasiyasının, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, güləşçilərin yaxınları və jurnalistlər iştirak ediblər.

Çempionatda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil ediblər.

Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.
Yarışda bütün rəqiblərini məğlub edən Rafiq Hüseynov (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıblar.

Azvision.az


Teqlər: Güləş  





Xəbər lenti