Bakıda Latviya rəssamlarının sərgisi keçiriləcək

Bakıda Latviya rəssamlarının sərgisi keçiriləcək
  12 Oktyabr 2021    Oxunub:602
Oktyabrın 16-da Bakıda Latviyanın tekstil rəngkarlığı üzrə tanınmış rəssamları İrisa Blumayte və İveta Besenanenin “All in Two” adlı sərgisi açılacaq.
Bu barədə Azvision.az - a Latviyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Noyabrın 15-dək davam edəcək sərgidə hər iki sənətkarın tekstil sənətinə dair düşüncələrə, həmin sənətdəki dəyişikliklərə həsr olunmuş əsərləri təqdim olunacaq.

“Tekstil rəngkarlığı həmişə Latviya mədəniyyətinin ayrılmaz hissəsi, milli incəsətinin ən çox sevilən istiqamətlərindən biri olub. Bu sənət əsrlər boyu təşəkkül tapmış xalq incəsənətinə əsaslanan dərin tarixi ənənələrə malikdir”, - məlumatda vurğulanıb.

Hər iki sənətçi eyni məktəbdə – Latviya Rəssamlıq Akademiyasında təhsil alıblar. Müəllim və tələbə ömrü boyu yaradıcılıqla məşğul olaraq bir çox beynəlxalq və milli sərgilərdə iştirak ediblər.

Sərgi Latviya Respublikasının Azərbaycandakı Səfirliyinin Gazelli Art House ilə birgə əməkdaşlığı ilə təşkil olunur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Latviya   Bakı   Sərgi  





Xəbər lenti