LUKOİL-un adından yeni fırıldaq dalğası - Tora düşməyin

  12 Oktyabr 2021    Oxunub :870
 LUKOİL-un adından yeni fırıldaq dalğası - Tora düşməyin
"LUKOİL" şirkətinin 30 illiyi ilə əlaqədar 300 manat dəyərində hədiyyə verilməsi barədə "Whatsap"da link paylaşılır. Linkə daxil olan şəxs 4 suala cavab verdikdən sonra 3 seçim edir və pul qutusu açılır. Bundan sonra həmin şəxsə bu məlumatı "Whatsapda" digər dostları ilə paylaşması bildirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Azvision.az -ın sorğusunda cavab olaraq bildirilib ki, bu cür hallar yeni deyil. Artıq bir sıra şirkətlərin adından istifadə edilərək bu cür spam məlumatlar yayılır:

"Hər dəfə insanların bu cür informasiyalara inanmaması bildirilsə də, linklər "virus" kimi yayılmaqda davam edir. Qeyd olunan məlumat spam xarakterlidir. Nüfuzlu şirkətlərdən birinin adından saxta kampaniya həyata keçirmək məqsədilə təqdim olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə keçidlərə daxil olmamağa, fərdi məlumatlarını, xüsusilə kart hesablarını təqdim etməməyə çağırır. Bu kimi saytların məqsədi istifadəçiləri “tələyə” salaraq maddi vəsait ələ keçirməkdir.

Belə mesajlar alan istifadəçilərdən xahiş olunur ki, onlara cavab verməsinlər, keçidlərə daxil olmasınlar və ''Report spam(Şikayət et)'' seçimini etməklə mesajı ''spam'' olaraq şikayət etsinlər

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər".



"Lukoil-Azərbaycan" şirkətindən isə bildirilib ki, onların adından belə spam xarakterli məlumatlar artıq bir neçə dəfədir paylanılır:

"“LUKOİL” PSC-nin adından “300 AZN əldə etmək şansı verən anketlər” ilə bağlı çoxsaylı sorğularla əlaqədər olaraq, həmin linkin fırıldaqçıların fəaliyətinin məhsulu olduğunu bildiririk. Azərbaycan vətəndaşlarına diqqətli olmağı və “LUKOIL” PSC ilə bağlı bütün məsələləri “LUKOIL-Azərbaycan” QSC-nin 012 497 41 99 qaynar xəttinə zəng edərək aydınlaşdırmağı tövsiyə edirik. Əlavə olaraq, “LUKOIL”PSC-nin rəsmi saytında saxta saytların siyahısını ehtiva edən xüsusi bölmənin olması barədə məlumat veririk: https://lukoil.ru/warning".

Aytən Zəhra
Azvision.az

Teqlər: LUKOİL   Hədiyyə  







Xəbər lenti