Dəryanın ölümü haqda şayiələr səngimir

Dəryanın ölümü haqda şayiələr səngimir
  25 Mart 2014    Oxunub:1275
Azvision .az yerli mətbuata istinadən verdiyi xəbərə görə, faciəli şəkildə dünyasını dəyişən reper Hüseyn Dəryanın ölümü ilə bağlı söz-söhbətlər səngimir. Ölümündən sonra onun hətta diri olması xəbəri də ölkə mediasında yer aldı.

Xeber.info-nun əməkdaşı Fəxrəddin Sadıqzadənin “Mən Hüseyn Dəryanın son səsini eşitdim, o ölməmişdi” iddiası hər kəsin diqqətini çəkib. O deyib ki, reperin keçmiş həyat yoldaşı Sona İbadovanın da Hüseynin cəsədini avtomobilə qoyan zaman onun xırıltılı səsini eşitdiyini bildirməsi iddiaya müəyyən mənada haqq qazandırıb.

Yayılan bu xəbərlə bağlı S.İbadovanın özü ilə əlaqə saxladıq. S.İbadova insanların heç olmasa Hüseynin ölüsündən əl çəkmələrini istədi:
“Onun ruhu indi nə qədər narahatdır. Deyirlər kimsə dünyadan narahat, nakam gedəndə gözü açıq qalır, yaxud ondan səs gəlir. Onun meyitini maşına qoyanda mən də sandım ki, nəsə səs gəlir, qışqırdım. Bu da videoya düşüb. İndi ondan çıxış edərək, insanlar Hüseynin cənazəsi ilə şou düzəltmək istəyir. Onun ölüsündən əl çəkin. Biz onu ”morq"dan götürəndən sonra məscidə apardıq, yuyuldu. Daha sonra evə apardıq. Meyit şişməsin deyə kondisioneri də qoşmuşduq. Həm də onun meyitini yarmışdılar. Əgər sağ olsa idi, o qədər vaxt meyiti evdə oldu, bilərdik. Bir sözlə, sağ qalması mümkün deyildi, kim öz yaxınını diri-diri basdırmaq istəyər ki?! Amma inanın Allaha, meyiti sanki evdən çıxmaq istəmirdi. Onu nə qədər gec basdırdıq".
Sona xanımdan oğlu Cahangirin vəziyyətini soruşduqda belə cavab verdi:

“Uşaq o qədər sual verir ki... Gah soruşur, ”atamı bir də görəcəm?", gah yağış yağanda deyir ki, “görəsən, indi atam orda islanır?” Böyük adamın ağlına gəlməyən şeyləri məndən soruşur. Əsəblərim elə pozulub ki, kimsə mənə 2 sualı artıq verən kimi narahat oluram. Evdə də deyirəm ki, məni az danışdırın. Özüm də xəstəyəm. İranda müalicə alıram. Mastopatiyadan əziyyət çəkirəm. Həkim dəfələrlə tapşırıb ki, əsəbiləşməyim... Hüseyn hər sirrini mənlə bölüşürdü. Dostları, yaxınları, düşmənləri barədə hər şeyi mənə danışırdı".

Mətbuata daim açıq olan S.İbadova H.Dəryanın həyatında rəsmi olaraq həyat yoldaşının özü olduğunu dedi: “Hüseynin birinci və axırıncı həyat yoldaşı mən olmuşam. Onun rəsmi şəkildə, nikahla həyat yoldaşı mənəm. Qəbri üstə gələn Seva adlı qadını və qızını da birinci dəfə orda görürdüm. Əvvəl onlar barədə xəbərim olmayıb. Mən Hüseynin soyadını daşıyırdım, Muradova. Sadəcə, boşanandan sonra öz soyadımı geri götürdüm. Hüseyn arıqlayıb dişi töküləndə də, türmədə yatanda da yalnız mən ona dayaq oldum. Efirlər də həyat yoldaşı kimi məni gördü, məni tanıdı. İndi Hüseynin fanatları deyir ki, sən ona sahiblən, iddiaların, problemlərin qabağında sən dur. Amma mən yalnız qadınam, uşağımı böyüdürəm”.

H.Dəryanın ölümündən sonra ikinci səs-küy doğuran məqam isə rejissor Kənan Mahmudovun (M.M.) şəxsi facebook profilindəki statuslarıdır. Bu statuslarda sirli çox məqamlar yatır. O, bir çox sənətçilərin H.Dəryanın yasına gəlməməyi özlərinə yaraşdırmadığını, amma çoxunun həyatda narkotik qəbul edib, içki içdiyini söylədi. Həmin statuslardan bir neçəsini təqdim edirik:

- “Dəryayla bağlı şeir və məqalələrdən narahat olan insanlar mənə inboxa, telefonuma ismarışlar yazırlar ki, ”Ay brat, düz eləmirsən", nə bilim nə. Eyyy, açın qulaqlarınızı eşidin, kimə nə ləzzət eləmirsə özü bilər. Hz İMAM ƏLİ ağam buyurur: “Haqqınızın tapdalanmasına izin verməyin, çünki haqqınızla bərabər şərəfiniz də tapdalanır”. İndi mən haqqı söyləməyim? İşinizlə məşğul olun! Allah mənlə olduqdan sonra, kim mənə qarşı olur olsun".

- “Haqqı söyməkdən qorxan AXMAQDIR...HZ İMAM ƏLİ....başıma silah dayasanız da susmayacam, susan şərəfsizdir...”

O, “Dəryanın yadigarı Cahangir” başlığı ilə Hüseyn Dərya və onun oğlu Cahangirlə 2010-cu ildə çəkdirdikləri fotoları da profilində paylaşıb.
Ən təsirli məqamlardan biri isə Kənan Mahmudovun H.Dəryanın ölümünə həsr etdiyi şeirdir. Şeirdən bir parçanı nəzərinizə çatdırırıq:


“Fanatlar adını yazdı divara
Səsini eşidən heyranın oldu.
Əcəl səni tez çəkdi məzara
O daşlar torpaqlar yorğanın oldu.
Gülürdün elə bil göy guruldayır
Gözlərin qəlbin tək yanır-parlayır.
Deyirdin yaralar elə sızlayır
Tək ölüm dərdinə dərmanın oldu.
İndi həsrətində necə göz qulaq
Özünü bənzətdi sənə çox uşaq
Dəryalar Dəryaya yas saxlayacaq".


H.Dəryanın meyitini “morq”dan götürərkən acı göz yaşları ilə jurnalistlərə müsahibə verən kəslərdən biri də prodüser Sayqa Cahid idi. S.Cahidlə əlaqə saxlayaraq sənət yoldaşlarından Kənan bəyin son addımlarına rəyini öyrəndik. Ona haqq qazandırdığını deyən prodüser bunları söylədi:

“Ölüsündən də əl çəkmirlər. O ki qaldı Kənanın yazdıqlarına, mən ona haqq qazandırıram. Kənan həqiqətən onun xətrini çox istəyirdi. Onun üçün yanırdı. Hüseyn yeni başlayan vaxtı Kənanın da əziyyətləri az olmayıb. Ümumiyyətlə, Kənan bilir nə edir. Kənan elə bir adamdır ki, elə belə heç nə eləməz. Reklama, heç nəyə uyan adam deyil. Haqq, ədalətə uyan adamdır. Onun Hüseynə yazdığı şeirin təsirindən isə hələ də özümə gələ bilməmişəm. Heç şübhəsiz ölüm haqdır və onunla barışırıq. Kənanın da mənim də barışmadığımız şeylər başqadır. Onun mahnılarının, layihələrinin itməsi, ona qarşı edilən ədalətsizliklər bizi əsəbiləşdirir”.


Teqlər:  





Xəbər lenti