“Media və Hüquqi Maarifləndirmə” mövzusunda tədbir keçirilib

  13 Oktyabr 2021    Oxunub :255
 “Media və Hüquqi Maarifləndirmə” mövzusunda tədbir keçirilib
Ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvatlaşdırılması, o cümlədən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə mühüm əhəmiyyətli tədbirlər davam etdirilir.
Azvision.az xəbər verir ki, prokurorluq orqanları ilə kütləvi informasiya vasitələri arasında işgüzar əlaqələrin möhkəmləndirilməsini, fəaliyyət istiqamətləri üzrə keyfiyyət və səmərəliliyin daha da artırılmasını, habelə məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə oktyabrın 13-də Baş Prokurorluğun inzibati binasında “Media və Hüquqi Maarifləndirmə” mövzusunda tədbir keçirilib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş prokurorun müavini Heydər Məmmədov tədbiri açıq elan edərək qonaqları salamlayıb.



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımızın 44 gün ərzində yenilməz Azərbaycan Ordusu tərəfindən azad olunmasından söz açan Baş prokurorun müavini, qısa müddətdə həmin bölgələrdə həyata keçirilən infrastrukturun bərpası ilə bağlı quruculuq işlərinin sürətlə davam etdirildiyini, I və II Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və veteranlara xüsusi dövlət qayğısının göstərildiyini vurğulayıb, daha sonra Heydər Məmmədov, iştirakçılara prokurorluq orqanlarında həyata keçirimiş müasir məzmunlu islahatlar barədə məlumat verib.



Prokurorluq orqanları və kütləvi informasiya vasitələri arasında mövcud işgüzar əlaqələrdən bəhs edən Heydər Məmmədov media ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyi vurğulamış, zamanın tələbinə uyğun olaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində​ mühüm addımlarım atıldığını, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir zamanı çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Baş Prokurorluq və Medianın İnkişafı Agentliyi arasında mövcud sıx əməkdaşlıqdan məmnunluğunu bildirərək prokurorluq əməkdaşlarının iştirakı ilə gələcəkdə də dəyirmi masa və görüşlərin təşkilinin əhəmiyyətli olacağını qeyd edib.



Media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac olduğunu qeyd edən Əhməd İsmayılov dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında kommunikasiyanın modern tələblər səviyyəsinə çatdırılması ilə bağlı kompleks tədbirlər görüldüyünü, prokurorluq orqanlarının bu fəaliyyətdə aktiv iştirak etdiyini nəzərə çatdırıb.

Mərasim zamanı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə “Prokurorluq orqanları ilə kütləvi informasiya vasitələri arasında mövcud münasibətlər və perspektivlər”, Medianın İnkişafı Agentliyinin Hüquq və insan resurslarının idarə edilməsi departamentinin direktoru Rəqsanə Kərimova “İstintaq prosesinin mediada obyektiv işıqlandırılması və balanslı təqdimatı” mövzusunda çıxışlar edib.



Tədbir zamanı, həmçinin, Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin ilk birgə layihəsi olan “Media və Hüquqi Maarifləndirmə” vəsaiti Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov tərəfindən iştirakçılara təqdim edilib.

Daha sonra prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulması ilə bağlı fikir mübadiləsi aparılmış, iştirakçılar tərəfindən mühüm təkliflər səsləndirilməklə,​ bu məzmunlu tədbirlərin informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib. Sonda xatirə fotoşəkli çəkdirilib.


Azvision.az

Teqlər: Prokurorluq   KİV  







Xəbər lenti