Fransız İnstitutunda animasiya sərgisi açılıb

Fransız İnstitutunda animasiya sərgisi açılıb
  13 Oktyabr 2021    Oxunub:808
Bu gün Azərbaycanda Fransız İnstitutunda animasiya filmləri ilə bağlı sərginin açılışı olub.
Azvision.az xəbər verir ki, mərasimdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qross ölkəsində animasiya filmlərinin tarixindən və inkişafından danışıb.

Diplomat deyib ki, Fransanın animasiya filmlərinin çəkilişi ilə bağlı zəngin tarixi var. İlk animasiya filmi 1892-ci ildə Fransada nümayiş olunub. Bu tarixdən sonra animasiya filmlərinin çəkilişində uğurlar əldə olunub.

Səfir vurğulayıb ki, əvvəllər animasiya filmləri uşaqlar üçün çəkilirdisə, indi bu filmlər həm də böyüklərin diqqətini cəlb edir: “İncəsənətin bu sahəsi Azərbaycan və Fransa arasında mədəni əlaqələri inkişaf etdirmək üçün böyük rol oynayır. Azərbaycan animasiya filmlərinin də uzun tarixi var, həm Sovet dönəmində belə filmlər çəkilib, həm də bu gün müstəqil şəkildə bu filmlər çəkilir".

O, bir neçə ildir Fransa səfirliyinin dəstəyi ilə təşkil olunan yarışmada azərbaycanlı rejissorların da iştirak etdiyini, qalibin ölkəsində keçirilən beynəlxalq festivala qatılmaq şansı qazandığını deyib. Bu ilin iyununda azərbaycanlı rejissor öz animasiya filmi ilə Fransada keçirilən beynəlxalq festivalda iştirak hüququ qazanıb. Qeyd olunu ki, animasiya filmlərinin çəkilişinə görə Fransa Avropada birinci yeri tutur. Qlobal səviyyədə isə yalnız ABŞ və Yaponiyadan geri qalır. İncəsənətin bu sahəsi ilə bağlı Fransada geniş imkanlar mövcuddur.

Azvision.az



Teqlər: Fransa   Animasiya   Sərgi  





Xəbər lenti