"Qida əlavələrinin həkim reseptinə yazılması halları aşkarlanır" - Agentlik sədri

"Qida əlavələrinin həkim reseptinə yazılması halları aşkarlanır" -     Agentlik sədri
  14 Oktyabr 2021    Oxunub:624
"2021-ci ilin ilk 9 ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) bioloji fəallığa malik qida əlavələrinin ölkəyə idxalı ilə bağlı 2130 müraciət edilib. Onlardan 1731-i qida təhlükəsizliyi sertifikatı ilə təmin edilib".
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tərkibində ağır metallar aşkar edilən 2 müraciət üzrə məhsulların məhv edilməsi haqqında qərar verilib: "Müraciətlər üzrə məhsulların tərkibində ağır metal aşkar edildiyindən və orqanoleptik göstəriciləri uyğunsuz olduğundan geri qaytarılıb".

Q.Təhməzli bildirib ki, BFMQƏ-lər ilə bağlı müxtəlif uyğunsuzluqlar aşkarlanıb: “Etiket məlumatlarında BFMQƏ-nin xəstəliklərin müalicəsi və profilaktikası zamanı istifadə edilməsi, habelə bu cür təəssürat yaradan və istehlakçıların çaşdırılmasına səbəb olan ifadə və məlumatların göstərilməsi, qablaşdırma və istifadə təlimatlarının mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, qida təhlükəsizliyi sertifikatı olmadan qanunsuz olaraq satışının həyata keçirilməsi, uşaqlar üçün nəzərdə tutulmayan BFMQƏ-nin qablaşdırmasında uşaqlar üçün nəzərdə tutulduğunu göstərən ifadə, şəkil və rəsmlərin yerləşdirilməsi, qadağan olunduğu halda BFMQƏ-lərin həkim reseptinə yazılması və apteklərdə dərman vasitəsi kimi satılması halları aşkarlanır”.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti