Koronavirusun "müəllifini" bir də axtaracaqlar

   Koronavirusun "müəllifini" bir də axtaracaqlar
  14 Oktyabr 2021    Oxunub:1004
Ümumdünya Səhiyyə təşkilatı (ÜST) koronavirusun mənşəyinin araşdırılması üçün ekspertlərdən ibarət yeni qrup yaradıb. Bu barədə məlumat yayan “Reuters” agentliyi qrupun işinin SARS-CoV-2 virusunun ortaya çıxması barədə həqiqəti öyrənmək üçün “bəşəriyyətin son şansı” ola biləcəyini yazıb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, yeni patogenlər (patoloji xəstəlik yarada bilən mikroorqanizmlər) üzrə elmi-konsultativ qrupa 26 nəfər daxildir. Çini əməkdaşlığa çağıran ÜST, Pekindən qrupa, o cümlədən Uhanda ilk yoluxmalar barədə məlumatları verməyi xahiş edib. Təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesusun fikrincə, məhz həmin məlumatların çatışmazlığı üzündən əvvəlki tədqiqat uğursuzluğa düçar olub.
ÜST-ün rəhbərini epidemioloq Mariya van Kerhove də dəsdəkləyir. Onun sözlərinə görə, Uhandakı epidemiyanın ilk günləri barədə məlumatlar araşdırma üçün hədsiz dərəcədə vacibdir.
-Ola bilsin ki, virusun ortaya çıxmasını başa düşmək üçün bu bizim sonuncu şansımızdır,-ÜST-ün fövqəladə hallar üzrə baş eksperti Maykl Rayan bildirib.
Virusun heyvandan insana keçməsi ehtimalını öyrənmək üçün missiya 30 tədqiqat işi aparmağı planlaşdırır. Virusun laboratoriyadan sızması versiyasını yoxlamaq üçün, qrup habelə xəstəliyin ilk yayılmağa başladığı yerlərdə fəaliyyət göstərən tədqiqat mərkəzlərinin işi barədə də məlumat almağa ümidlidir.
Bu fonda Çinin BMT-dəki səfiri Çen Syuy əvvəlki missiyaların işinin “tam aydın” olduğunu deyib. Məsələ ilə bağlı ekspertlərin Çində artıq 2 dəfə olduğunu vurğulayan səfir
-Yəqin ki, qrupu başqa yerlərə göndərməyin vaxtı çatıb,-deməklə son təşəbbüsə Pekinin rəsmi mövqeyini diqqətə çatdırıb.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti