Azərbaycan Türkiyəyə qaz tədarükünü artıracaq

  Azərbaycan Türkiyəyə qaz tədarükünü artıracaq
  15 Oktyabr 2021    Oxunub:1534
2023-cü ildən başlayraq Cənub qaz dəhlizi vasitəsi ilə Türkiyəyə qaz tədarükünün həcmi indiki 6 milyard kubmetrdən 9,5 milyard kubmetrə qədər artırıla bilər. Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu barədə artıq anlaşmanın əldə olunduğunu deyib.
Azvision.az “oilcapital.ru” portalına istinadən xəbər verir ki, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında 2023-cü ildən başlayaraq Azərbaycanın Türkiyəyə illik qaz tədarükünü daha 3,5 milyard kubmetr artraraq 9,5 milyard kubmetrə çatdırılacağını bildirib.

- Qaz tədarükü ilə bağlı müqavilənin uzadılması barədə Bakı Ankara ilə razılığa gəlib. Bəli, “Şah-Dəniz”in birinci fazasında 2023-cü ildən başlayaraq, yeni müqaviləyə əsasən indi tədarük etdiyimiz 6 milyard kubmetrə gələcək illərdə daha 3,5 miyard kubmetr də əlavə olunacaq. Müqavilə hələ bağlanmasa da, razılıq artıq var,- Şahbazov qeyd edib.

Hazırda Azərbaycan “Cənub qaz dəhlizi” vasitəsilə 16 milyard kubmetr qaz tədarük edir ki, bunun da 10 milyard kubmetri Avropa, 6 milyard kubmetri isə Türkiyə üçün nəzərdə tutulub. Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan və Bolqarıstandır. Cari ildə bu ölkələr üçün Azərbaycan qazının həcmi 5-5,5 milyard kubmetr nəzərdə tutulsa da, onun xeyli çox olacağı gözlənilir.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Azərbaycan   qaz  





Xəbər lenti