"Burada nə qəbahət var ki?!" - "Fizika" dərsliyinin müəllifi

"Burada nə qəbahət var ki?!" -  "Fizika" dərsliyinin müəllifi
  15 Oktyabr 2021    Oxunub:3544
Ümumtəhsil məktəblərində tədris olunan 6-cı sinif “Fizika” dərsliyində “Maddənin sıxlığı və onun təyin edilməsi” bölməsində şagirdlərə Atlantik okeanı ilə Aralıq dənizinin suyunun bir-birinə qarışmaması barədə məlumat verilib. Dərslikdə elmi izah əvəzinə “Quran”dan nümunə göstərilməsi isə bugünlərdə sosial şəbəkələrdə geniş narazılığa səbəb olub.
Belə ki, şagirdlərə həmin hadisə haqda məlumatın 1300 il əvvəl Quranda verildiyi bildirilərək, misal kimi "Furqan/53" ayəsi göstərilib: "Birinin suyu dadlı və şirin, digərininki duzlu və acı olan iki dənizi qovuşduraraq, aralarında keçilməz sədd qoyan Odur".

Dərsliyin müəlliflərindən biri, pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dosent Rasim Abdurazaqov AzVision.az -a açıqlamasında bildirib ki, həmin bölmədə çoxlarına bəlli olan, lakin şagirdlər üçün möcüzəli görünən təbiət hadisəsinin təsvirindən söhbət gedir:

- Bu hadisənin araşdırılmasında məşhur fransız alim-okeanoloqu professor Kustonun əhəmiyyətli rolundan danışılır. Eyni zamanda, elmi faktın ilk mənbəsinə istinad edilib. Yəni bu hadisə barədə ilk dəfə “Quran”da yazıldığı bildirilib. Burada dini təbliğat, islamın yayılması məsələsi yoxdur. Elmi fakt haqqında ilk nəzəri məlumatın mənbəyinə istinad edilməsi, mövzusundan və tədqiqat istiqamətindən asılı olmayaraq, dünyada aparılan bütün elmi tədqiqat işlərinin zəruri tərkib hissəsidir. “Quran”a istinad da bu məqsədlə edilib. Burada qəbahətli heç nə yoxdur. Biz dərsliyə din gətirmirik. Orada islam dini təbliğ edilməyib.

R.Abdurazaqov bildirib ki, həmin məlumat şagirdlərdə maraq oyatmaq üçün əlavə kimi yazılıb, bölmədə haqqında danışılan sıxlıqla bağlı izah isə mətnin içindədir.

P.S. Əks mövqe kimi tarixçi, bəstəkar Tural Bakuvinin yazısı ilə tanış ola bilərsiniz .

Aytən Zəhra
Azvision.az


Teqlər: Fizika   Quran  





Xəbər lenti