"Azərbaycan Prezidenti iki mühüm bəyanat verdi"- Erməni politoloq

   "Azərbaycan Prezidenti iki mühüm bəyanat verdi"-   Erməni politoloq
  15 Oktyabr 2021    Oxunub:898
Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı Ermənistan mətbuatının marağına səbəb olub. Azvision.az xəbər verir ki, yerli media Azərbaycan liderinin baş nazir Nikol Paşinyana diplomatiya dərsi keçdiyini yazıb.
Toplantıda baş verən prosesləri şərh edən politoloq Ayk Martirosyan deyib ki, İlham Əliyev MDB -nin videokonfransında iki vacib bəyanat verib.

- Birinci bəyanat bu idi ki, Ermənistan və İran narkotrafikdə əlbir olub, narkotika ticarətində birgə iştirak ediblər. Beynəlxalq terrorçuların hazırlanması məsələsi də vurğulandı. İkinci məqam isə “erməni hərbi əsirlər”lə bağlı idi. Azərbaycan Prezidenti onları müharibədən sonra tutulduqları üçün əsir saymır, təxribatçı hesab edir. Buna görə də onlar beynəlxalq hüquq tərəfindən qorunmur.

İlham Əliyevin ardınca danışan Paşinyan çıxışında Bakıya qarşı heç bir ittiham irəli sürmədi. Ona heç bir şəkildə cavab vermədi. Bir kəlmə də işlətmədi ki, Ermənistan düşmən ölkənin liderinin dediyi cinayətlərin heç birini törətməyib. Paşinyan Azərbaycanın artıq "Ermənistan ərazilərinə" də daxil olmasından, hərbi cinayətlər törətməsindən söz açmadı. O, Ermənistanla İran arasında heç bir sövdələşmənin olmadığını demədi, əlbir olmaq ittihamını inkar belə etmədi. Sadəcə ümumi fikirlər deyildi ki, Ermənistan və İranın hüquq -mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq edirlər...

Baş nazir onu da bildirdi ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməyə hazırdır. Paşinyan ölkəsinin qısa zamanda demarkasiya işlərini yekunlaşdırmaq istəyində olduğunu bəyan etdi. Bu isə, yalnız Azərbaycanın maraqlarına uyğundur. Utanc verici bir aksentlə yalnız bir şey tələb etdi- yollar və kommunikasiyalar açılsın. Bu, ilk növbədə qarşı tərəfin maraqlarına uyğundur. Bir sözlə, baş nazir eləcə köməkçilərinin ona verdiyi mətni oxudu.

Ermənistanın Türkiyə ilə münasibətləri "normallaşdıracağına" dair iddialar isə dəhşətli idi... Paşinyan bu işdə Rusiya Prezidenti Vladimir Putinin rol oynadığını da söylədi. Bütün bunlar indiki rejimin simasıdır.

Ermənistan parlamentinin sabiq deputatı Vahan Babayan isə deyib ki, MDB dövlət başçılarının bugünkü görüşü ölkəsinin növbəti rüsvayçılığı oldu.



- Kapitulyantın iqtidarı hakimiyyətdə olduğu müddətdə onlar indiki məğlub statusunda qalacaqlar. Bu səbəbdən də ölkənin yeni bir liderə ehtiyacı olduğunu, məğlub olan kapitulyatorun bizim adımıza rəhbərlik etməyə və danışmağa davam edə bilməyəcəyini söyləyirdik.

MDB ölkələri qarşısında xalqımızın nümayəndəsinin mazoxist, bədbəxt çıxışı bütün ermənilər üçün siqnal olmalıdır. Heç olmasa indi düşünmək lazımdır ki, bu soyqırımı rejiminə və onun xidmətçilərinə dəstəyi dayandırmalıyıq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib. O Ermənistanın ünvanına bir sıra haqlı ittihamlar səsləndirib. Ölkə başçısı bəyan edib ki, Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. "Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz".

Dövlət başçısı həmçinin qeyd edib ki, Azərbaycan-İran sərhədində müsadirə etdiyimiz heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.

Tural Tağıyev
Azvision.az





Teqlər: Prezident   Paşinyan   MDB   İlham-Əliyev  





Xəbər lenti