Deputat terrorçuluqla mübarizəyə həsr edilmiş konfransa qatılıb

Deputat terrorçuluqla mübarizəyə həsr edilmiş konfransa qatılıb
  15 Oktyabr 2021    Oxunub:609
Oktyabrın 14-də və 15-də hibrid formatda ATƏT və ATƏT PA-nın birgə təşkil etdiyi “Xarici terrorçuların mühakiməsi, reabilitasiyası və reinteqrasiyası ilə bağlı Cənub-Şərqi Avropadan olan qanunvericilərlə regional siyasət üzrə dialoq” mövzusuna həsr edilmiş konfrans keçirilib.
Tədbirdə ATƏT PA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi Azay Quliyev iştirak edib. Tədbirə ATƏT PA-nın prezidenti Marqareta Sedefelt, Yunanıstanın daxili işlər naziri Makis Voridis, BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov, ATƏT-in Transmilli Təhdidlərə Qarşı Fəaliyyət Koordinatoru Alena Kupçina, Cənub-Şərqi Avropadan olan parlament üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və elm xadimləri qatılıblar.

İki günlük konfrans çərçivəsində qlobal və regional miqyasda terrorizmlə mübarizə, cinayət prosesinin və ədalətli istintaqın aparılması, ölkələr arasında məlumat mübadiləsinin həyata keçirilməsi, repatriasiya və post-məhkumluq məsələləri haqda fikir və təcrübə mübadiləsi aparılıb.

Konfransa ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi mandatı çərçivəsində qatılan Azay Quliyev tədbirdə yekun nitq söyləyib.

O, çıxışında konfransdakı müzakirələrdə terrorizmlə bağlı çağırışların həll edilməsində parlamentlərin oynadığı vacib rolun vurğulandığını bildirib, ekstremizm və radikallaşma ilə mübarizədə hökumətlər arasında effektiv koordinasiyanın və parlamentlərarası dialoqun əhəmiyyətini qeyd edib. Azay Quliyev terror təhdidinin aradan qaldırılması və yenidən əmələ gəlməsinin qarşısının alınması üçün Cənub-Şərqi Avropa üzrə regional və qlobal əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb.

Azvision.az


Teqlər: AzayQuliyev  





Xəbər lenti