“Biz” filmi İstanbulda mükafata layiq görüldü

“Biz” filmi İstanbulda mükafata layiq görüldü
  18 Oktyabr 2021    Oxunub:1483
Oktyabrın 15-də İstanbulda VI Türk Dünyası Sənədli Film Festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilib.
Mədəniyyət Nazirliyindən AzVision.az - a verilən məlumata görə, "Dünya dili türkcə" şüarı altında keçirilən festivala tələbə və peşəkar nominasiyası üzrə "Türk mədəniyyəti" və "Türkün dünyaya baxışı" mövzularında ümumilikdə 13 ölkədən 226 sənədli film təqdim olunub. Tələbə nominasiyası üzrə 10, peşəkar nominasiya üzrə isə 16 film final mərhələsinə keçib.

Ölkəmizdən festivalın final mərhələsinə "Biz", "Son sütun", "Hədiyyə" və "Sonuncu" filmləri keçib.

Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası tərəfindən hazırlanan "Biz" filmi mükafata layiq görülüb. Qala gecədə "Münsiflər heyəti təşviq" mükafatı Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevə təqdim edilib.



41 dəqiqəlik "Biz" tarixi-sənədli filmi Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunub. Ekran əsərinin ideya müəllifi və rejissoru Orman Əliyev, prodüseri "Azərbaycanfilm"in direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev və Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar, montajçısı isə Əsgər Rəhimovdur.

Filmdə Vətən müharibəsi dövründə müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəmancasına döyüşən Azərbaycan əsgərinin, eləcə də arxa cəbhədə vətənpərvər sadə vətəndaşların bu tarixi Qələbənin əldə olunmasında rolu əks etdirilib.

Sənədli filmin süjet xəttində müharibə dövründə fenomenə çevrilən, fotosu, videosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə yer verilib. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri - əsgərlər, həkimlər, təqaüdçülər, bloqqer, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.

Qeyd edək ki, festival Türk Dünyası Jurnalistlər Federasiyası, Türk Dünyası Mədəniyyət, İncəsənət və Film Vəqfi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə reallaşıb.

Festivalda mükafat qazanan filmlər “Dildə birlik - 9 ölkə - 9 şəhər - 1 festival” şüarı ilə doqquz ölkədə nümayiş olunacaq.



AzVision.az


Teqlər:





Xəbər lenti