Azərbaycan gəmiləri Baltik və Şimal dənizlərində

Azərbaycan gəmiləri Baltik və Şimal dənizlərində
  18 Oktyabr 2021    Oxunub :416
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) xarici sularda fəaliyyətinin genişləndirilməsi və bir bazardan asılılığın aradan qaldırılmasına yönəlik davamlı tədbirlər həyata keçirir. Bu istiqamətdə işlərin Prezident İlham Əliyevin tapşırığı ilə Gəmiçiliyin Strateji inkişaf planına əsasən gerçəkləşdirilməsi nəzərdə tutulur.
Qurumdan AzVision.az -a verilən məlumatda deyilir ki, ASCO artıq 7 ildir, fasiləsiz olaraq Xəzərdən kənar beynəlxalq sularda da gəmilərin istismarı ilə məşğuldur. Məhz, 2014-cü ildə ilk dəfə “Natəvan” və “Üzeyir Hacıbəyli” quru yük gəmilərinin istifadəyə verilməsi ilə xarici sularda fəaliyyət bərpa olunub, sonrakı illərdə bu gəmilərin sıraları genişləndirilib. Hazırda Qara və Aralıq dənizi hövzələrində ASCO-ya məxsus həm quru yük, həm də tanker gəmiləri yükdaşımalar həyata keçirirlər.

ASCO-nun Xəzərdən kənarda fəaliyyətinin genişləndirilməsi məqsədilə beynəlxalq bazarlar mütəmadi öyrənilir və potensial fəaliyyət istiqamətləri qiymətləndirilir. Bu çərçivədə 2020-ci ildə beynəlxalq aparıcı məsləhətçi şirkət “McKinsey” ilə birgə ASCO-nun 2030-cu ilə qədər dövrü əhatə edən Xəzərdən kənar hövzələrdə fəaliyyətin genişləndirilməsi strategiyası hazırlanıb.

Strategiyaya əsasən, ASCO Qara və Aralıq dənizi hövzələrindən əlavə, Baltik və Şimal dənizlərində də yükdaşıma fəaliyyəti göstərməyə hazırlaşır. Bu məqsədlə həmin bazarlar, orada yükdaşımalara cəlb edilməsi mümkün olan gəmi tipləri, sözügedən hövzələrdə fəaliyyət göstərmək üçün gəmilərə qoyulan tələblər və digər mühüm aspektlər ətraflı təhlil olunub.

Bu bazarlara daxil olmaq üçün həmin hövzələrdə təsnifat cəmiyyətləri, gəmilərin daxil olacağı limanlar və digər aidiyyatı tənzimləyici qurumların sərt tələbləri, o cümlədən bayraq tələbləri mövcuddur. Hazırda ASCO tərəfindən bu istiqamətdə işlər davam etdirilir və bir bazardan asılılığın azaldılması siyasətinə uyğun bir neçə gəminin həmin hövzələrə çıxarılması planlaşdırılır. Həmin bazarlarda ASCO-nun rəqabət qabiliyyətinin təmin edilməsi, əməliyyat xərclərinin optimallaşdırılması, yarana biləcək hər hansı məhdudiyyətlərin aradan qaldırılması məqsədilə tələblərə, o cümlədən bayraq tələblərinə uyğun hazırlıq işləri aparılır. Gəmilərin istismarı zamanı üstünlük şərtlərindən asılı olaraq, bu gəmilər Avropa (Portuqaliya, Malta və s.) və ya beynəlxalq gəmiçilik təcrübəsinə əsasən gəmi qeydiyyatı üçün cəlbedici şərait yaradılan digər zonalarda istismara veriləcək.

Xəzərdən kənar hövzələrdə fəaliyyətin genişləndirilməsi və bununla da, yerli gəmiçilik xidmətlərinin ixracı ilə ölkəyə kənardan daxilolmalara töhfə verilməsi ASCO-nun əsas hədəflərindən biridir.

AzVision.az

Teqlər: Gəmi  







Xəbər lenti