"Məişət zorakılığından əziyyət çəkənlər üçün sığınacaqlar çoxaldılmalıdır"

 "Məişət zorakılığından əziyyət çəkənlər üçün sığınacaqlar çoxaldılmalıdır"
  19 Oktyabr 2021    Oxunub:1430
Məktəbdə təhsil alan qızlarımız erkən yaşda ərə verilir. Onlarda 7 və ya 8-ci sinifdən bu fikir formalaşdırılır. Müəllim bunu görüb psixoloqa müraciət etmirsə, bu işdə o da günahkardır. Qızın qiymətlərinin aşağı düşməsi, dərsdən yayınması məktəb kollektivinin nəzarətində olmalı və araşdırılmalıdır. Bu istiqamətdə Təhsil Nazirliyi ilə məktəb kollektivinə təlim keçirilməsi istiqamətində işlər aparılır.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanov "Məişət zorakılığı media müstəvisində" adlı təlimdə deyib. O bildirib ki, ölkədə qadın və uşaq sığınacaqlarının çoxalması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilib:

"Ölkədə məişət zorakılığından əziyyət çəkənlər üçün QHT-lər tərəfindən yaradılan 10, Nazirlik tərəfindən isə bir sığınacaq fəaliyyət göstərir. Belə sığınacaqlar çoxaldılması lazımdır. Sığınacaq yalnız qadınlar üçün deyil, uşaqlar üçün də lazımdır".

S.Qəhrəmanova qeyd edib  ki, zorakılığı törədən insanlarla işləmək qarşımızda duran önəmli məsələdir:

"Hüquq mühafizə orqanları, səhiyyə işçiləri və digər qurumlar birgə işləməlidir. Zədə almış insan tibb işçilərinə müraciət edir. Onlardan bunun necə, hansı şəraitdə olması barədə soruşilmalı  hüquq mühafizə orqanlarına məlumat verməlidir. Hər bir qurum öz işini görsə, məişət zorakılığının qarşısını ala bilərik. Eyni zamanda qohum, qonşu bu vəziyyəti müşahidə edirsə, mütləq bu barədə aidiyyatı qurumlara müraciət etməlidirlər".

Aytən Zəhra
AzVision.az


Teqlər: Zorakılıq  





Xəbər lenti