Müharibənin 24-cü günü: Düşmənin başını yaran DƏMİR yumruq

 Müharibənin 24-cü günü:  Düşmənin başını yaran DƏMİR yumruq
  20 Oktyabr 2021    Oxunub:1467
2020-ci il oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycan Ordusunun döyüş meydanında yeni qələbələr qazandığını bildirdi. Dövlət başçısı bizim öz torpağımızda vuruşduğumuzu, öz torpağımızı qoruduğumuzu və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağımızı vurğuladı.
Vətən Müharibəsinin 24-cü günü xalqa müraciətində Azərbaycan Prezidenti çoxsaylı yaşayış məntəqələrimizin azad edilməsi haqqında məlumat verdi.

Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı.

Cəbrayıl rayonu - azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.

Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələri: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (keçmiş adı Noraşen), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələri: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri!


Hərbçilərimiz həmin gün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Zəngilan şəhərinin işğaldan azad edilməsi və şəhərin üzərində Azərbaycan bayrağının qaldırılması ilə bağlı raport verdilər.

Azərbaycan Prezidenti müharibənin 24 günü ərzində düşmənin itirdiyi və bizim hərbçilərin qənimət götürdüyü texnikanın siyahısını da açıqladı.

“241 tank məhv edilib, 39 tank saz vəziyyətdə hərbi qənimət götürülüb. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu, 198 top, 58 minaatan məhv edilib,12 minaatan, 25 qumbaraatan hərbi qənimət götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət götürülüb”.



Təkcə oktyabrın 20-də Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edildi və sıradan çıxarılıb. Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarıldı. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan məhv edildi. Ermənistanın 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkildi.

5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralananlar arasında bölük komandiri Norik Ağakelyan da qeydə alındı. 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərə qatılmaqdan boyun qaçırdı. Ağır itkilərə məruz qalan bu dəstələr kütləvi şəkildə fərarilik etməyə başladılar. 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü şəxsi heyətin üçdə ikisini itirdikdən sonra mövqelərini ataraq geri çəkildi. Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti darmadağın edildi. 246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Qazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində məhv edildilər.
Məruz qaldığı itkilərin həqiqi miqyasını etiraf etməkdən qorxan Ermənistan hakimiyyəti müharibənin 24 günü ərzində cəmi 790 hərbçinin öldürüldüyünü açıqladı. Halbuki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan tərəfinə 1500 hərbçinin meyitini təhvil verdiyi bildirilirdi. Bununla belə, Ermənistan Müdafiə nazirliyinin rəsmisi Artsrun Ovannisyan Qarabağda gedən döyüşlərdə növbəti dəfə geri çəkildiklərini etiraf etdi. Hərçənd o, geri çəkilmənin guya məğlubiyyət olmadığını özünəməxsus qaydada “əsaslandırmağa” çalışdı.

Amma Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Maryam Paşinyanın “Facebook”dakı profilində paylaşdığı “Xəyallarımız və hədəflərimiz puç oldu. Xəyallarımız isə əsgərlərimiz və vətənimizlə bağlı idi” pessimist ruhlu status vəziyyətin Ermənistan üçün nə dərəcədə acınacaqlı olduğunu sübuta yetirdi. Bu acı etirafa görə Maryam Paşinyan sosial şəbəkələrdə ciddi təzyiqlə üzləşdi. Surik Saroyan adlı istifadəçi ona “Təəssüf ki, sizin xəyallarınız milli xəyallarımız deyil, Soros və ya neoliberalist “xəyallar”dır”-cavabını yazdı.




Həmin gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təxribatçı fəaliyyətlə məşğul olan jurnalist, “Wargonzo” yutub-kanalının rəhbəri Semyon Peqovun təcili Rusiyaya qayıtdığı, daha doğrusu dabanına tüpürüb qaçdığı məlum oldu. Erməni diasporundan aldığı ianələr qarşılığında erməni hərbçilərinin “qəhrəmanlığından” dəm vuran Peqov, vəziyyət çətinə düşən kimi “igidlik ondur - doqquzu qaçmaq, biri də heç gözə görünməmək” kəlamını şüar edib meydandan qaçdı, yəni mümkün 10 variantdan doqquzunu seçdi.

Şübhəsiz ki, Azərbaycan Prezidentinin xalqa müraciətindəki

“Bax, bizim yumruğumuz sadəcə olaraq düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!” -ifadələri düşmənlərimizi kimi ona qulbeçəlik edən Peqovun da ürəyinə vəlvələ salan ən zəhmli xəbərdarlıq idi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Müharibə   Zəngilan  





Xəbər lenti