Putin böyük mətbuat konfransı keçirəcək

Putin böyük mətbuat konfransı keçirəcək
  21 Oktyabr 2021    Oxunub:784
Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq böyük mətbuat konfransı keçirməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“İllik mətbuat konfransı planlaşdırılır", - deyən Kremlin sözçüsü epidemioloji vəziyyətin inkişafından asılı olaraq tədbirin formatı barədə qərar veriləcəyini əlavə edib.

Putin 2001-ci ildən bəri hər il böyük mətbuat konfransı keçirir. Fasilə yalnız baş nazir vəzifəsində çalışdığı dövrdə - 2008-2012-ci illərdə verilib. Lakin 2012-ci ildə altı illik müddətə dövlət başçısı seçildikdən sonra bu cür tədbirlərin keçirilməsi təcrübəsinə yenidən başladı. 2020-ci ilin dekabr ayında, koronavirus pandemiyası səbəbindən böyük mətbuat konfransının formatı dəyişdirildi, jurnalistlərin bir hissəsi prezidentlə birgə Moskva yaxınlığındakı Novo-Oqarevo iqamətgahında, bir hissəsi isə Dünya Ticarət Mərkəzinin ofisindən video bağlantısı ilə mətbuat konfransına qatıldılar.

Ən qısa mətbuat konfransı Putinin jurnalistlərlə ilk görüşündə - 2001-ci ildə 1 saat 35 dəqiqə çəkib. Ən uzun isə 4 saat 40 dəqiqə - 2008-ci ildəki mətbuat konfransı olub. 2004-cü ildən bəri dövlət başçısı ilə jurnalistlər arasında hər belə ünsiyyət ən azı üç saat davam edir.

Putinin 2001 -ci ildə keçirdiyi ilk mətbuat konfransına 500-dən çox jurnalist akkreditə olunmuşdu. Hər il keçirilən tədbiri işıqlandıran media nümayəndələrinin sayı getdikcə artmaqdadır. Putinin üçüncü prezidentlik dövründə mətbuat konfranslarına akkreditə olunmuş jurnalistlərin sayı 1250 nəfərdən çox olub.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Vladimir-Putin   Rusiya  





Xəbər lenti