Səfir Malayziya şirkətlərini ölkəmizə dəvət etdi

Səfir Malayziya şirkətlərini ölkəmizə dəvət etdi
  21 Oktyabr 2021    Oxunub :326
Malayziyanın BERNAMA milli informasiya agentliyi Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri İrfan Davudov ilə ilk müsahibəsini dərc edib.
AzVision.az xəbər verir ki, səfir İ.Davudov müsahibə zamanı Azərbaycan və Malayziya arasında davam edən yüksək əməkdaşlıq münasibətlərinə diqqət çəkərək, işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük miqyaslı bərpa-quruculuq işlərinə bu ölkədən sərmayə qoyuluşunun əhəmiyyətindən bəhs edib. Azərbaycan səfiri Malayziya şirkətlərinin xüsusilə alternativ enerji mənbələri, informasiya texnologiyaları, tikinti, yüngül sənaye, kənd təsərrüfatı, qida emalı, infrastruktur layihələri və turizm sahəsində sərmayə yatıra biləcəklərini vurğulayıb.

İ.Davudovun sözlərini sitat gətirən agentlik yazır: “Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizi “yaşıl iqtisadiyyat” və “yaşıl enerji” zonaları elan edib. Bu, həmin ərazilərdə icra edilən layihələrin “yaşıl texnologiya” siyasəti çərçivəsində həyata keçirildiyini göstərir. Əsas məqsəd isə regionun su, günəş və külək enerjisi ehtiyatlarını inteqrasiya edərək davamlı inkişafı təmin etməkdir”.

Həmçinin Azərbaycan diplomatı xarici sərmayədarlar üçün cəlbedici olan Ələt Azad İqtisadi Zonasından (AFEZ), Bakı Beynəlxalq Dəniz Ticarət Limanından söz açır, ixrac yönümlü iqtisadi təşəbbüslər üçün Azərbaycan dövləti tərəfindən yaradılan müasir infrastruktur barədə məlumat verir.

Səfir İ.Davudov Azərbaycan-Malayziya münasibətlərinin çoxşaxəli xarakterinə diqqət çəkərək, qarşıdakı dövrdə iki ölkə arasında bir çox sahələrdə, o cümlədən elm və təhsil sahəsində geniş əməkdaşlıq potensialının olduğunu nəzərə çatdırır. Bu günlərdə Malayziyanın qabaqcıl ali təhsil müəssisələrindən olan MARA Texnoloji Universitetində (UiTM) keçirilən görüşdən bəhs edərək, iki ölkənin universitetləri arasında tələbə və müəllim, eləcə də elmi təcrübə mübadiləsinin önəmini qeyd edir.

Həmçinin səfir Malayziya İslamın İdrakı İnstitutu ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlıq münasibətlərinin təsis edilməsi, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdirildiyini vurğulayır. Bu zaman məqsədin iki ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyəyə çatdırılması olduğunu qeyd edir.

AzVision.az

Teqlər: Azərbaycan   Səfir  







Xəbər lenti