Paşinyanın 7 hədəfi

 Paşinyanın 7 hədəfi
  21 Oktyabr 2021    Oxunub:1173
Ermənistanda baş nazir Nikol Paşinyanı təslimçilikdə günahlandıran qüvvələr ona qarşı ittihamlarını səngitmirlər. Onlar Ermənistan hakimiyyətinin bütün siyasətini məhz təslimçilik sindromu prizmasından izah edirlər.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, öz “Facebook” səhifəsində “təslim olanın gündəliyi daha sadədir” yazan Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan Nikol Paşinyanın hazırda aşağıdakı hədəflərə can atdığını bildirib:

1. Cəmiyyətin sosial baxımdan həssas təbəqələrində illüziya və ölkəyə pulların gələcəyi barədə boş gözləntilər yaratmaq, yalançı sülhsevərlik göstərmək, habelə azərbaycanlılarla yolları açmaq.
2. Cəmiyyyəti yuxuya verməklə, onun bir hissəsini “sabiq”lər və müharibə ilə qorxutmaqla ölkənin ərazi bütövlüyünü parçalamaq, delimitasiya və demarkasiya bəhanəsi ilə dövlətin təhlükəsizliyinin və müdafiəsinin elə də böyük olmayan resurslarını məhv etmək.
3. Cəmiyyətə “Artsax bizim nəyimizə lazımdır və ya Artsax baş ağrısıdır” kimi çox təhlükəli tezisi aşılamaqla Ermənistanın siyasi gələcəyindən “artsax” gündəliyini sıxışdırıb çıxarmaq.
4.Müxtəlif real və saxta cinayət işləri vasitəsilə hay-küy yaradaraq cəmiyyətdə öz ordusuna qarşı inamsızlığı dərinləşdirmək, yüksək vəzifəli hərbçiləri isə qorxudulmuş və işə yaramayan şəxslərə çevirmək.
5. Hər vəchlə dövlətin keçmişini təhrif və mühakimə etmək. Ermənistan dövlətinin və erməni xalqının keçmiş illərdəki bütün nailiyyətlərini məhv etmək, milli tərbiyəni və mənəvi dəyərləri məxsərəyə qoymaq, antimilli, antixristian təbliğatı və onu yayan cərəyanları xəlvəti şirnikləndirmək.
6. Güc strukturlarından müstəsna halda öz hakimiyyətini qoruyub-saxlamaq üçün istifadə etmək.
7. Xalqın adından onun kürəyi arxasında, “polad mandat” adı altında şübhəli razılaşmalar əsasında Ermənistanı və erməni xalqını torpaqdan və mülkiyyətdən məhrum etmək.

Onun fikrincə, Nikolun başqa gündəliyi yoxdur, biabırçı müharibənin nəticələrinə və imzalanan təslimçilik aktına görə ola da bilməz. Yuxarıda sadalananlar ola bilsin ki, tam siyahı deyil. Lakin bu yetərlidir ki, gec də olsa, Ermənistanın siyasi məfkurəsi ölkənin və “Artsax”ın gələcəyi barədə düşünməyə başalsın.

- Məncə, Ermənistan resbublikasının müxalifət meydançası təslimçi rejimdən xilas olmaq uğrunda mübarizə ilə yanaşı, “Ermənistanın gələcəyi” sualını da gündəmə çıxarmağı bacarmalıdır. Təslimçilər, əlbəttə deyirlər ki, “gələcək var”, amma bunun necə gələcək olacağını söyləmirlər. Cəmiyyətdə çoxları “gələcəyin olduğuna” inanmır, yoxsa miqrasiyanın tempi artmazdı, erməni diasporu isə üzünü Ermənistana çevirərdi. Bəs əslində Ermənistanın gələcəyi necədir? Başqa sözlə desək, Təslimçinin dağıntılarından sonra respublikanı idarə etməyə hazır olanlar hansı Ermənistanı təsəvvür edirlər? Cənubi Qafqazda, daha geniş regionda və daha geniş beynəlxalq cəmiyyətdə ümumilikdə Ermənistan hansı yeri tutacaq? Bu sualların suallarıdır, təslimçilərdən isə bacardıqca tez xilas olmaq lazımdır,- Artak Zakaryan vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti