Əmir Teymurun 14 il mühasirədə saxladığı Əlincədən FOTOREPORTAJ + VİDEO

 Əmir Teymurun 14 il mühasirədə saxladığı Əlincədən  FOTOREPORTAJ + VİDEO
  25 Oktyabr 2021    Oxunub :886
Oktyabrın 21-22-də Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə bir qrup jurnalist Naxçıvanda mediatur səfərində olub. Mediaturun əsas məqsədi Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi, çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsi ilə bağlıdır.
Bu səfərdə iştirak edən AzVision.az saytının əməkdaşı Naxçıvanın bir sıra görməli və gəzməli yerlərində olub. Belə məkanlardan biri də Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən sayılan Əlincə qalasıdır. Qala Əlincə dağının zirvəsində yerləşir. Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eranın əvvəllərində inşa edilib və eramızın V əsrində bərpa edilib. Əmir Teymurun Azərbaycana yürüşü zamanı onun qoşunlarının hücumu Əlincə qalasından da yan keçməyib. Qala 14 il Xacə Cövhər və Əmir Altunun rəhbərliyi ilə qəhrəmanlıqla müdafiə olunub.



Qala özünün qeyri-adi görünüşü ilə heyrətamiz görünür. Əlincə qalasının divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qala divarlarının inşası üçün daşdan, bəzən isə bişmiş kərpicdən istifadə olunub.



Dağın ən uca yerində Əlincə qalasının iç qalası yerləşir. Bu içqalanı yerli əhali "Şahtaxtı içqalası" adlandırır. Buranın Şahtaxtı olaraq adlandırılması təsadüfi deyildir. Tədqiqatçılar hökmdarların qalanın məhz bu hissəsində yerləşdiyini qeyd edirlər. "Şahtaxtı içqalası" dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir.

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev deyir ki, qala Naxçıvan Muxtar Respublikasının Ali Məclis Sədrinin 2014-cü il 11 fevral tarixli sərəncamı əsasında iki il ərzində bərpa olunub və bundan sonra turistlərin üzünə açılıb. Əlincəqalaya orta hesabla bir il ərzində 10 minə kimi turist gəlir. Bura yerli və əcnəbi turistləri daxil etmək olar. Onlar qalaya gəlməklə Naxçıvanın, Azərbaycanın tarixi haqqında ətraflı öyrənirlər.



“Əlincəqala başdanbaşa bir tarixdir. Bizim eradan əvvəlki dövrlərdən tutmuş çar Rusiyasının Azərbayacana hücumlarına kimi yerli əhali tərəfindən Azərbaycanda fəaliyyət göstərmiş, orta əsrlərdə mövcud olmuş feodal dövlətlər tərəfindən istehkam, sığınacaq kimi istifadə olunub. Əmir Teymur 14 il ərzində Əlincə qalasını ala bilmədiyinə görə Əlincə qala Azərbaycan, Naxçıvan tarixinin əyilməzlik simvoluna çevrilib. Muzeyə giriş pulsuzdur. Biz fikirləşirik ki, insanlar tarixi ödəniş əsasında öyrənməli deyillər.

Əlincə qalanın tarixi bir mənada daha dərindən öyrənilir, öyrənilməlidir də. Çünki qalanın tarixi kökləri birbaşa Azərbaycan xalqının tarixi kökləri ilə bağlıdır”.

Qeyd edək ki, qalaya çıxmaq üçün 1474 ədəd pilləkanı adlamalısınız.









































Şahanə Rəhimli
AzVision.az

Teqlər: Naxçıvan   Əlincəqalası  







Xəbər lenti