Müharibənin 27-ci günü: Ermənilər təslim olur

    Müharibənin 27-ci günü:  Ermənilər təslim olur
  23 Oktyabr 2021    Oxunub :511
Vətən müharibəsinin ilk günündən Prezident, Ali Baş Komandan İlham Əliyevə vətəndaşlarımızın, xaricdə yaşayan soydaşlarımızın, eləcə də qardaş Türkiyə və digər ölkələrin vətəndaşlarının ünvanladığı məktublarda bu haqlı mübarizədə qalib gələcəyimizə inam vurğulanırdı. Hər gün cəbhənin müxtəlif istiqamətlərindən gələn xoş xəbərlər bu inamı daha da gücləndirirdi.
2020-ci il oktyabrın 23-də Azərbaycan Prezidenti, Ali Baş Komandan öz “Twitter” səhifəsində xalqımıza növbəti müjdələri çatdırdı.

Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!


Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!


Buna qədər isə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq Qarabağda apardığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad etmişdi. Bundan başqa, Ağdərə rayonu və Murovdağ istiqamətlərində strateji yüksəkliklər Silahlı Qüvvələrimizin nəzarəti altına keçmişdi.

Müharibənin 27-ci günü Azərbaycan Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışdı. İgid atasına başsağlığı verən dövlət başçısı Aprel döyüşlərindəki şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Şükür Həmidovun doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda adının əbədiləşdiriləcəyini vurğuladı.

Həmin gün Azərbaycan Ordusunun məhv etdiyi düşmənlər arasında Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan və indiki hakim “Mənim addımım” fraksiyasının deputatı Vaqarşak Akopyanın qardaşı Tatul Akobyan da yer aldılar. Suriyada Ermənistan missiyasının iştirakçısı olmuş Akopyan 2016-cı ilin aprel döyüşlərində və 2020-ci ilin iyulunda Tovuz təxribatında fəal iştirak etmişdi.

Oktyabrın 23-də Silahlı Qüvvələrimiz düşmənin 3 PUA-sını məhv etdi, daha 2 PUA-sını isə xüsusi texniki vasitələrlə yerə endirdi.

Verilən ağır itkilər Ermənistan ordusunda fərariliyi adi bir hala çevirdi. Bu fərarilik tədricən erməni hərbçilərin Azərbaycan Ordusuna təslim olması formasına keçməyə başladı.
Hərbçilərimizə könüllü təslim olan Edik Tonoyan ermənilərə

- Əziz həmvətənlərim. Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmaq və qan tökmək lazım deyil. Biz əvvəl çox yaxşı yaşamışıq, biz bir-birimizlə çox yaxın olmuşuq, bizim qardaş, xoş qonşuluq münasibətli xalqlarımız olub,- müraciətini etdi.


1975-ci ildə Ermənistanın Kalinino rayonunun Mestavan kəndində doğulduğunu deyən Tonoyan, 2018-ci ilə qədər Kalinin rayon Milis İdarəsində işlədiyini, 2018-ci ildə mayor rütbəsində təqaüdə çıxdığını bildirdi.

Təslim olmuş digər erməni əsir kiçik serjant Mikayelyan Albert Yervandi isə Ermənistanın Dağlıq Qarabağa kürd əsilli muzdlular gətirdiyini etiraf etdi. O, bildirdi ki, 1500 nəfərədən ibarət olan muzdlular Azərbaycan Ordusuna qarşı döyüşmək üçün hazırlaşıblar. Hər bir muzdlu ayda 600 dollar alır və 10-15 nəfərlik qrup halında hərbi təlimlər keçirlər.


Ermənistan hərbi birləşmələrinin və erməni qəsbkarların bölgəyə gətirdikləri muzdluların əsas hədəfi isə ilik növbədə dinc azərbacanlılar və mülki obyektlər idi.
Azərbaycanın Baş Prokurorluğunun açıqladığı məlumatda sentyabrın Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 27-dən oktyabrın 23-ü saat 12:00-dək 63 mülki şəxsin həlak olduğu, 298 nəfərin isə xəsarət aldığı bildirildi. 2156 ev, 90 çoxmənzilli yaşayış binası və 398 mülki obyekt yararsız vəziyyətə düşdü.

Lakin Ermənistanın və onun havadarlarının ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan Ordusu durmadan irəliləyir və zəhərli ilanın başını öz yuvasında əzməyə hazır olduğu əzmini nümayiş etdirirdi.

Sahil İsgəndərov
AzVision.az

Teqlər: Müharibə   Zəfər  







Xəbər lenti