İran Xəzər Konvensiyasını niyə ratifikasiya etmir? - Stanislav Pritçinlə müsahibə

 İran Xəzər Konvensiyasını niyə ratifikasiya etmir? -  Stanislav Pritçinlə müsahibə
  28 Oktyabr 2021    Oxunub:1728
"İkinci Xəzər Forumu "Xəzər beşliyi" arasında iqtisadi əməkdaşlıq formatının axtarışına, regionda ekologiyanın qorunması üzrə tədbirlərin reallaşdırılmasına, təhlükəsizliyin təminatına hədəflənib. Bu sözləri AzVision.az-a açıqlamasında Rusiya Elmlər Akademiyasının Y. Primakov adına dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər üzrə milli tədqiqatlar institutunun baş elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin deyib.
- Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra nələrə nail olunub?
- Sənədin imzalanması bu qədər böyük oyunçunun olduğu bir regionda qarşılıqlı fəaliyyət prinsiplərinin təsbit olunması istiqamətində Xəzər dövlətlərinin əldə etdiyi böyük nailiyyətdir. Əgər delimitasiya, demarkasiya üzrə prosesləri digər presendentlərlə müqayisə etsək, onlar o qədər də sadə olmur. Bu mənada Xəzər dialoqu çox uğurlu və səmərəlidir.

- Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya hələ qüvvəyə minməyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ümid etdiyini deyib ki, İran parlamenti Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanı tezliklə ratifikasiya edəcək. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanı bütün iştirakçılar qəbul etdikdən sonra hansı qadağalar qüvvəyə minəcək?
- Əgər normativ hüquqi bazada olanları, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyaya qədərki razılaşmaları müqayisə etsək, əslində onlar hamısı Konvensiyaya daxil olan eyni məsələləri reqlamentləşdirirlər. Bu, Xəzər dənizində bütün məsələlərin sülh yolu ilə həlli, öz ərazisində üçüncü ölkələrin aqressiyasına yol verməmək, Xəzər akvatoriyasında üçüncü ölkələrin silahlı qüvvələrini yerləşdirməməkdir. Yəni bütün öhdəliklərə əməl etmək. Sadəcə, Konvensiya onlara tamamilə başqa status dərəcəsi verəcək, bu isə prezidentlərin danışıqlar prosesi çərçivəsində əvvəllər imzaladıqları deklarasiyalardan və verdikləri bəyanatlardan üstündür. Bununla belə, dövlətlərin bu öhdəlikləri var.

- Rusiya XİN başçısı Sergey Lavrov iranlı həmkarı ilə görüşündə ümid etdiyini bildirib ki, İran tezliklə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edəcək. Niyə İran bu addımı atmağa tələsmir?
- Əgər ilk növbədə Konvensiyanın hüquqi statusu haqqında danışsaq, bəli, İranın xüsusi mövqeyi var. Hərçənd, Xəzərin hüquqi statusu haqqında Konvensiya sayəsində təmin olunan təhlükəsizlik rejiminə baxsaq, İran bu razılaşmanın əsas benefisiarlarından biridir. Odur ki, mühafizəkar parlamentin daha liberal prezident Ruhaninin imzaladığı Konvensiyanı ratifikasiya etməməsi məsələnin bir tərəfidir. Hazırda prezident və parlament təxminən eyni düşərgəni təmsil edirlər, bu səbəbdən hər hansı daxili ziddiyyət olmamalıdır. Digər məsələ isə odur ki, İran "Xəzər beşliy"i çərçivəsindəki konvensiyanın imzalanması üzrə öz öhdəliklərini yerinə yetirməlidir.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər: Xəzər-dənizi   Konvensiya   İran  





Xəbər lenti