Avropa İttifaqının diplomatik missiyası Əfqanıstana qayıdır?

   Avropa İttifaqının diplomatik missiyası Əfqanıstana qayıdır?
  25 Oktyabr 2021    Oxunub:871
Avropanın xarici əlaqələr xidməti yaxın bir ayda Əfqanıstanda öz diplomatik missiyasının işini bərpa etməyi planlaşdırır. Bu məsələnin həlli barədə qəti qərar təhlükəsizlik təmin edildikdən sonra veriləcək. AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinad edən Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
Dərc edilən materialda bildirilib ki, sentyabrda Brüsseldən Əfqanıstana gələn nümayəndə heyəti ölkədəki real vəziyyəti qiymətləndirməklə məşğul olub.

Nəşrin yazdığına görə, Avropa İttifaqı diplomatik nümayəndəliyinin Kabildə öz işini bərpa etməsində maraqlıdır. Çünki bu effektiv şəkildə humanitar yardım göstərməyə və təxliyyəni həyata keçirməyə imkan verəcək.

Məlumatda həmçinin qeyd edilib ki, son bir ayda Avropa İttifaqı "Taliban" hərəkatının təmsilçiləri ilə diplomatik missiyanın təhlükəsizliyinin təminatının ya fərdi mühafizə şirkətlərinin, ya da birlik üzvləri ölkələrinin təhlükəsizlik xidmətlərinin əməkdaşlarının təmin etməsi barədə razılığa gəlməyə çalışıb. Lakin güzəştə getməyə razılaşmayan Kabil binanın yalnız taliblərin dəstələri tərəfindən qorunacağını bəyan edib.

-Biz təsdiqləyə bilərik ki, burada minimal iştirakımızın üzərində işləyirik. Təhükəsizlik baxımından, biz detalları açıqlaya bilmərik. Amma Avropa İtifaqının Əfqanıstanda dimlomatik missiyasının işinin mümkün ola bilən bərpasını taliblərin formalaşdırdığı hökumətin tanınması kimi qiymətləndirmək lazım deyil. Məqsədlimiz bizə ehtiyac duyan əfqanlara daha effektli kömək etmək imkanı qazanmaqdır. Buna görə taliblərlə qarşılıqlı addımlar atmaq zəruridir, -Avropa İttifaqının xarici siyasət xidmətinin təmsilçisi Nabilə Məsrəlli bildirib.



Taliblər Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Avropa İttifaqı avqust ayında yaxın 7 ildə bu ölkə üçün nəzərdə tutulmuş 1,5 milyard avroluq iqitsadi yardım proqramını dayandırdığını bəyan edib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayaen isə Əfqanıstan əhalisinin daha həssas təbəqələrinə humanitar yardım üçün birliyin büdcəsində 1 milyard avro tapacağı vədini verib.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Brüssel   Əfqanıstan  





Xəbər lenti