"F-16" və 10 səfir: Ankara ABŞ ilə yaxınlaşıb, Avropadan uzaqlaşır - Türkiyəli Ekspert

  "F-16" və 10 səfir:  Ankara ABŞ ilə yaxınlaşıb, Avropadan uzaqlaşır -  Türkiyəli Ekspert
  26 Oktyabr 2021    Oxunub:1056
"Türkiyənin Rusiya ilə münasibətləri taktiki xarakter daşıyır. Bütün sferalarda belədir. Ona görə də, "Su-35" və "Su-57" məsələsi son məqamda gündəmə çıxa bilər. Amma düşünmürəm ki, indiki şəraitdə Türkiyə Rusiya təyyarələrini alacaq. Türkiyə "F-35" almaq üçün səylər göstərəcək". Bu sözləri AzVision.az-a türkiyəli ekspert, beynəxlalq münasibətlər üzrə elmlər doktoru Halid Həmzəoğlu deyib.
-Nəyə görə Türkiyə "F-35" əvəzinə "F-16" qırıcıları almaq qərarına gəldi?

- Türkiyə-Amerika münasibətləri həqiqətən də çətin dövr yaşayır. Amma Türkiyənin ənənəvi xarici siyasətində ABŞ xüsusi yer tutur. Nəticədə "F-16" qırıcıları vasitəsilə Türkiyə ABŞ-la yeni konstruktiv əməkdaşlıq qurmaq istəyir. "Soyuq müharibə" dövründə ABŞ Türkiyənin geosiyasi potensialına böyük ehtiyac duyurdu. Amma indiki şəraitdə vəziyyət dəyişib. Məsələn, Bolqarıstan, Rumıniya və Ukrayna kimi ölkələrə təsiri sayəsində ABŞ-ın daha çox alternativ variantı yaranıb. Türkiyənin "F-16" və "F-35" almaq səyləri həm NATO çərçivəsində, həm də ikitərəfli səviyyədə ABŞ-la münasibətləri qoruyub saxlamaq cəhdidir.
Türkiyə "F-35" layihəsinin təsisçi-tərəfdaşlarından biridir. Türkiyə suveren ölkədir, ona görə də “S-400”-ləri milli maraqlar nöqteyi-nəzərindən qiymətləndirmək faydalıdır. Faktiki olaraq, “S-400”-dən bəhanə kimi istifadə edən ABŞ "F-35"in köməyi ilə Türkiyəyə siyasi və iqtisadi təzyiq göstərir. Amma, qeyd etdiyim kimi, Birləşmiş Ştatlar Türkiyənin ənənəvi müttəfiqidir və istənilən halda Türkiyə amerikalıları inandırmağa çalışacaq.

- Türkiyəyə bir tərəfdən ABŞ, digər tərəfdən isə Avropa təzyiq göstərir. Bir qədər əvvəl Avropa komissiyası Türkiyəni demokratiyadan aralandığına görə tənqid etdi. Türkiyə ilə Avropa arasındakı böhran nə ilə izah olunur?
- Avropa İttifaqı ilə münasibətlərdəki böhran çoxölçülüdür. Aralıq dənizində çoxlu münaqişələr var. Bundan başqa, Fransa ilə həm Dağlıq Qarabağda, həm də Liviyada ciddi geosiyasi fikir ixtilafı və rəqabət mövcuddur. Böyük mənada Türkiyə üçün Avropa İttifaqı ilə münasibətlər ABŞ-la münasibətlər kimi vacib deyil. Təhlükəsizlik nöqteyi-nəzərindən Avropa İttifaqının tətbiq edə biləcəyi mümkün sanksiya ciddi nəticələrə gətirib çıxarmayacaq. Amma istisadi məsələlər barədə belə demək çətindir.

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10 ölkənin - Almaniyanın, Danimarkanın, Kanadanın, Niderlandın, Yeni Zelandiyanın, Norveçin, ABŞ-ın, Finlyandiyanın, Fransanın və İsveçin səfirlərinin "arzuolunmaz şəxs" elan olunması barədə tapşırıq verib. Türkiyə liderini bu addımı atmağa nə vadar edib?

- Prezidentin belə qərarı verməsinin əsas səbəbi bu ölkələrin Türkiyənin daxili işlərinə qarışmaq cəhdidir. Həmin səfirlər sosial şəbəklərədə Sorosun dəstəklədiyi, adı Gəzi parkındakı hadisələrlə bağlı və 15 iyul dövlət çevrilişi cəhdində hallandırılan, buna görə də məhbəsə salınan biznesmen Osman Kavalanın buraxılmasına çağırırdılar. Sonradan Xarici İşlər nazirliyinə cağırılaraq, onlara lazımi xəbərdarlıq edildi. Burada əsas məsələ səfirlərin Türkiyənin məhkəmə sistemini şübhə altına almaq cəhdidir. Bu daxili işlərə birabaşa müdaxilədir. Bu səbəbdən də Ərdoğanın reaksiyası kifayət qədər kəskin oldu. Aydındır ki, əgər səfirlər persona non-qrata elan edilsələr, ciddi diplomatik qalamaqal yaranacaq. Düşünürəm ki, hakimiyyət bunu nəzərə alır. Bu qərar yerinə yetirilsə, Türkiyə ilə Qərb arasındakı onsuz da gərgin münasibətlər daha da kəskinləşəcək.

Cavad Muradov,
Sahil İsgəndərov

AzVision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti