ABŞ Əfqan pullarının donunu açmır
ABŞ Dövlət Departamenti, Maliyyə Nazirliyi, Ağ Evin Milli Təhlükəsizlik Şurası və digər hökumət təşkilatları avqustun ortlarından etibarən Əfqanıstanın maliyyə vasitələri ətrafında müntəzəm müzakirələr aparırlar. BMT və digər beynəlxalq təşkilatlar isə gözlənilən humanitar fəlakət barədə xəbərdarlıq edirlər. Ekspertlərin fikrincə, aktivlərin sərbəst buraxılması barədə qərar ABŞ-ın bir sıra departamentlərinin yüksək vəzifəli şəxslərinin iştirakı ilə verilsə də, nəticə etibarilə Prezident Co Baydendən asılı olacaq.
Xarici yardımların və dollar tədarükünün dayandırılması nəticəsində yaranmış nağd pul çatışmazlığı Əfqanıstanda ərzaq və yanacağın qiymətinin xeyli artmasına səbəb olub. Bu prosesdə ölkədə davam edən quraqlıq da öz rolunu oynayır.
ABŞ-ın Maliyyə Nazirliyinin nümayəndəsi Reuters agentliyinə bildirib ki, Talibana qarşı sanksiyalar və onun qlobal maliyyə sistemi ilə əlaqəsinə qoyulan məhdudiyyətlər yüngülləşdirilməyəcək. ABŞ hökuməti Əfqanıstandakı humanitar tərəfdaşlarla sıx əlaqədədir və onların təhlükəsiz şəraitdə fəaliyyəti üçün səylərini əsirgəmir. Beynəlxalq Valyuta Fondu da ötən ay buraxılmış 440 milyon dollarlıq yeni fövqəladə ehtiyatlara Talibanın çıxışını bağlayıb.
Ekspertlər bildirirlər ki, Əfqanıstan beynəlxalq birlik tərəfindən tanınmayınca ABŞ əfqan aktivlərini leqal şəkildə sərbəst buraxa bilməz. BFV də yalnız hökumət tanınandan sonra öz idarə heyətinin səsverməsi ilə hərəkət edə bilər.
Zümrüd
AzVision.az
Teqlər: Əfqanıstan ABŞ