III qrupda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir

   III qrupda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir
  27 Oktyabr 2021    Oxunub:1721
III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, 2020-ci ilin dekabr ayında Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatında qeyd olunduğu kimi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında" Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib.

Bu dəyişiklikdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı layihəsinə əsasən, 2022/2023-cü tədris ilindən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur.

Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

AzVision.az



Teqlər: DİM   Fənn  





Xəbər lenti