"İnvestisiyaların cəlb edilməsi uğrunda rəqabət kəskinləşib" - Orxan Məmmədov

   "İnvestisiyaların cəlb edilməsi uğrunda rəqabət kəskinləşib" -    Orxan Məmmədov
  27 Oktyabr 2021    Oxunub:1500
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti maraqlı bir dövrə təsadüf edir. Təxminən iki həftə sonra müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində şanlı qələbəmizin 1 ili tamam olur. İşğaldan azad olunmuş Qarabağ torpağının bərpası və iqtisadi dəyər zəncirinə re-inteqrasiyası istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdədir.
AzVision.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışında deyib. O bildirib ki, artıq bir sıra iri infrastruktur layihələri tamamlanmış, bir çoxu icra mərhələsindədir:

"Digər tərəfdən, bəşəriyyət COVID-19 pandemiyasının yaratdığı çox böyük çağırışlar ilə üzləşib. Sammitin keçirildiyi dövr ilə bağlı digər mühüm məqam isə 2021-ci ilin Prezident tərəfindən Nizami Gəncəvi ili elan olunmasıdır. Bu il dahi Azərbaycan şairi və mütəfəkkirinin anadan olmasının 880 illiyi tamam olur. Onun əsərləri təkcə ölkənin deyil, ümumilikdə dünyanın mədəniyyət xəzinəsinin nadir incilərindən hesab olunur. Hər bir xalqın mədəniyyəti və malik olduğu dəyərlər isə investisiya prizmasından sərməyaçilərin qərarlarına bu və ya digər dərəcədə təsir edir.

Azərbaycan İnvestisiya Sammiti sadaladığım bu üç mühüm geo-siyasi reallıqlar, iqtisadi perspektivlər və mədəni xüsusiyyətlər ilə bağlı məsələləri öz gündəliyində əhatə edəcəkdir. Sammit çərçivəsində müxtəlif əlaqədar mövzular üzrə beynəlxalq və yerli ekspertlərin, dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə panel müzakirələri və diskussiyalar, eləcə də startap təqdimatları keçiriləcək".

O.Məmmədov qeyd edib ki, birbaşa xarici investisiyaların cəlb edilməsi uğrunda ölkələr arasındakı rəqabət son onilliklərdə xüsusilə kəskinləşib: "Xarici investisiyalar təkcə ölkəyə kapital deyil, innovativ həll yolları, texnologiyalar və yeni idarəetmə yanaşmaları gətirir. Mütəxəssislərin rəyinə əsasən avtomatlaşma, rəqəmsallaşma, süni intellekt və yaşıl inkişaf qarşıdakı onilliklərdə qlobal iqtisadi landşaftı və investisiya axınını müəyyənləşdirəcək meyllər olacaq.

Ölkəmizdə son illərdə biznesin inkişafı, əlverişli investisiya mühitinin təmin edilməsi, dövlətin biznesə dəstək mexanizmlərinin genişləndirilməsi, eləcə də bu sahədə qabaqcıl innovativ idarəetmə mexanizmlərinin tətbiq nəticəsində özəl sektor subyektlərinin bazası genişləndirilmiş və ölkənin beynəlxalq səviyyədə investisiya imici yüksəlib".

AzVision.az


Teqlər: KOBİA  





Xəbər lenti