Ehtiyat kadrların elektron sorğu sistemi yaradılıb

Ehtiyat kadrların elektron sorğu sistemi yaradılıb
  27 Oktyabr 2021    Oxunub:1520
Müsabiqədən, ümumi müsahibədən və daxili müsahibədən müvəffəqiyyətlə keçmiş, lakin vəzifəyə təyin edilməmiş, habelə dövlət orqanının ləğvi və dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər dövlət qulluğunda ehtiyat kadrlar siyahısına daxil edilir. Onlar dövlət orqanlarında analoji vakant vəzifələrə (tutulma şərtləri uyğun olan vəzifə) təyin edilirlər.
Dövlət İmtahan Mərkəzindən AzVision.az -a bildirilib ki, dövlət qulluğunda ehtiyat kadrlarla işin səmərəliliyinin və effektivliyinin artırılması məqsədilə Mərkəz tərəfindən xüsusi proqram təminatı - “Ehtiyat kadrların elektron sorğu sistemi” yaradılıb. Sistem vasitəsilə ehtiyat kadrlar barədə məlumatların təyinat məsələsinə baxılması üçün onlayn qaydada təqdim edilməsi, onların anket məlumatlarının tamlığı, düzgünlüyü və mütəmadi yenilənməsi, habelə vakant analoji vəzifələrə təyin edilməsində operativlik təmin edilir.

Ehtiyat kadrlar istifadəçi adı (FIN kod) və “Şəxsi kabinet”in parolunu müvafiq hissələrə daxil etməklə sistemə girərək anket məlumatları ilə tanış ola bilər, habelə düzəliş və əlavələrə ehtiyac olduğu təqdirdə Mərkəzin məsul şəxsinə elektron qaydada bildiriş göndərməklə məlumatların düzgünlüyünü təmin edə bilərlər. “Şəxsi kabinet”i olmayan ehtiyat kadrlar DİM-in saytında müvafiq linkə daxil olmaqla onu yarada bilərlər.

Eyni zamanda, sistemdə “İstəklərim” adlı bölmə yaradılıb. Ehtiyat kadrlar həmin bölmədə işləmək arzusunda olduğu dövlət orqanı, vəzifə (adı və təsnifatı daha aşağı olan vəzifə), şəhər və rayon barədə məlumatları daxil etməli, onunla bağlı iş aparılmasını istəmədiyi halda isə müvafiq qeydlər aparmalıdırlar.

Qeyd edək ki, anket məlumatların tamlığı və aktuallığı ehtiyat kadrların analoji vakant vəzifələrə təyinatlarında mühüm rol oynayır. Ehtiyat kadrlar daxil etdikləri məlumatların düzgünlüyünə bilavasitə cavabdehlik daşıyırlar. Qeyd edilənləri nəzərə alaraq, ehtiyat kadrlara anket məlumatları doldurarkən diqqətli olmaları tövsiyə olunur.

“Ehtiyat kadrların elektron sorğu sistemi”nə https://eservices.dim.gov.az/dqmelumat/ehtkadrn/sorgu.aspx linkindən və ya Mərkəzin internet saytında Aktual İstiqamətlər/ Dövlət qulluğu/ Ehtiyat kadrlar/ Elektron sorğu sistemi bölməsindən daxil olmaq mümkündür.

Ehtiyat kadrlar sistemdən istifadə zamanı yaranan texniki problemlərlə bağlı (012) 310 53 16 (daxili 1516) (Mehman Mustafayev, e-mail: [email protected]), digər məsələlərlə bağlı isə (012) 310 53 16 (daxili 1746;1751) (Akif Bayramov; e-mail: [email protected]) nömrələri ilə əlaqə saxlaya bilərlər.

AzVision.az



Teqlər: DİM  





Xəbər lenti